Xəbər Lenti

    Polina Rəhimovanın etirafları: "Axır ki, bir dəfə bu “anası ölmüş” bloku çatdırıb qoya bildim"

    VoleybolTarix: 2017-09-26 12:20:00
    ...

    Qadın voleybolçulardan ibarət milli komandamızın lideri Polina Rəhimova Avropa çempionatının qrup mərhələsinin son matçında Almaniya üzərində 3:1 hesablı qələbədən sonra məmnun görünürdü. Niyə də görünməsin? Axı, bu qələbə sayəsində yığmamız qrup qalibi olaraq, pley-offdan azad oldu və birbaşa ¼ finala vəsiqə əldə etdi. Sport24.az və Prosport.az saytının əməkdaşlarının suallarını cavablandıran Rəhimova, matçın ikinci hakimi – Vladimir Oleynikin qonaqların baş məşqçisi Feliks Kozlovskinin əlini sıxmasından, ölkə başçısının gətirdiyi motivasiyadan, almanların “20 nömrəsi”ndən, arzuladığı rəqibdən və bir sıra maraqlı məqamlardan danışdı.

    -    Polina, ardıcıl 3 qələbə. Bu nəticə yaxşı mənada azarkeşləri də, KİV-i də bir qədər şoka salıb. Özünüz necə?..
    -    Xeyr, biz şokda deyilik. Axı, güclü komandamız var və bu qələbələri gözləyirdik. Həm də axı, biz evdə oynayırıq. Nəzərə alın ki, tribunalar daim tək bizi dəstəkləyir, bu iqlim bizimdi, burdakı qidalar bizimdi – bütün bunlara alışmışıq və hər bir xırdalıq əlavə üstünlük verir. Ölkə xaricində oynayarkən isə fərqli durum yaranır. Hər bir şeyə adaptasiya olmalısan. Ümid edirəm ki, qələbələrimizin ardı gələcək və bütün rəqiblərə “dişlərimiz”i göstərəcəyik. Bizə ən böyük stimulu isə ölkə prezidenti verir: bütün oyunlarımıza gələn dövlət başçımızın dəstəyi komandamız üçün xüsusi motivasiyadır!

    -    Millinin lideri olmaq: çiyinlərinə çox ağır yük düşmür?
    -    Bu, nisbi anlayışdı. Dünən (söhbət ötən axşam olub – müəl.) Polşaya qarşı görüşdə üzərimə çox yük götürdüm, bu gün isə gücüm tükənmişdi. Bir neçə dəfə istədiyim hündürlüyə tullana bilmirdim. Ancaq arxayın idim. Axı, biz vahid ansablıq, komanda ruhumuz var. Belə olmasaydı, almanlara uduzadacaqdıq. Bunu bütün varlığımla məhz bu görüşdə hiss etdim. Gücüm qalmamışdı, ancaq qızlarımız fədakarlıq göstərdilər.

    -    İlk setə baxanda adamı qorxu bürüyürdü: yüksək tempdə oynayan almanlar 5 və 6-cı zonalardan hücumlar qurarkən blokdakı oyunçularımız “oyundankənar vəziyyət”ə düşürdülər...
    -    Polşa yığmasının voleybolçuları ucaboydular və belədə, temp o qədər də yüksək olmur. Almanlar isə daha hərəkətlidilər. Qızlarımıza bir neçə dəfə dedim ki, gəlin onların tempinə uyğun, sürəti artıraq. Axır ki, bir dəfə bu “anası ölmüş” bloku çatdırıb qoya bildim (gülür).

    -    Ancaq ilk setdə yalnız təkli bloklar alınırdı, o da ara-sıra...
    -    Bəli-bəli, heç olmasa 1-2 dəfə təkli blokla olsa da, zərbənin qarşısını almağı bacardıq. Niyə belə olur? Rəqiblərin heyətində gənc voleybolçular toplaşıb, deməli, biz daha çox cavan qızları bu idman növünə cəlb etməliyik.

    -    Bizdə belə bir təəssürat oyandı ki, 2-ci setdən başlayaraq, yığmamızın voleybolçuları almanları “bizim musiqi altında rəqs etməyə” məcbur etdilər. Temp əvvəlki kimi deyildi, bizə sərf edən sürətlər var idi artıq meydanda...
    -    Əvvəla bir məqama diqqətinizi yönəltmək istəyərdim. İlk partiyadan sonra ikinci hakim Almaniyanın baş məşqçisinin əlini sıxdı. Dərhal belə bir fikrim yarandı ki, hakim ona mesaj göndərir: “Qorxma, mən sizinləyəm”. Bilavasitə suala gəlincə, razılaşıram ki, temp aşağı düşdü. Ancaq orasını deyə bilmərəm, bu, bizim xidmətimiz idi, yoxsa rəqibdə özünəinam hissi tükəndi. Ancaq “20 nömrə”ləri var idi (Leone Şvertman- müəl.), meydana daxil olan kimi tempi artırırdı, komanda yoldaşlarını da ruhlandırırdı. Yaman döyüşkən voleybolçudu.

    -    Zənnimcə, komandamız bugünkü oyunda həddən artıq çox enerji itirdi. ¼ finaladək 2 gün var. Bu müddət bərpa olmaq üçün kifayət edəcək?
    -    İki gün bəs edəcək. Ancaq əlavə güc tapmaq üçün əlavə resurslar tapmaq lazım idi. Bunun da səbəbkarı Polşa yığması idi. Onlar da bizi yamancana yordular.

    -    Növbəti mərhələdə Almaniyanı, yoxsa Bolqarıstanı görmək istəyərdiniz?
    -    Həmin cütün qalibi ilə qarşılaşacağıq? Açığı, bilmirdim...

    -    İndi bilirsən...
    -    Şəxsən mənə Bolqarıstanla oynamaq daha rahatdı. Çünki onların heyətində də ucaboy voleybolçular toplaşıb və özümə uyğun komandadı. Ancaq Almaniyanı bir dəfə udmuşuq, deməli, 2-ci dəfə də bacararıq. Hərçənd, indi bizi daha yaxından tanıyırlar və daha yaxşı hazırlaşa bilərlər. Həm də bilirsiniz necədi, Bolqrıstan yığmasının heyətində rəfiqələrim oynayır, istəyirəm bir az da irəli getsinlər.
     

    CEYHUN ƏLİYEV

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0