I Liqada çempionluğa iddialılardan biri də "Şamaxı"dı. Bölgə təmsilçisi mövsüm ərzində bəzi matçlarda gözlənilməz xal itkilərinə yol versə də, "qızıl" uğrunda mübarizəni davam etdirir. "Şirlər"in hazırda ikinci pillədə qərarlaşmasında komandanın "vuran ayağ"ı Elşad Tağıyev də pay sahibidi. I Liqanın bombardiri Sport24.az-a müsahibəsində həm komandasının çıxşından, həm də gələcəklə bağlı planlarından danışıb.


- Ötən tur het-trik etməklə qolların sayını 15-ə çatdırdın. Hazırda bombardirlik yarışında zirvədəsən. Qarşına çempionatın ən sərrast futbolçusu olmaq kimi hədəf qoymusan?
- Qollar vurmağıma sevinirəm. Mövsümün əvvəlində qarşıma belə məqsəd qoymamışdım. Amma turlar ötdükcə qolarımın sayı artmağa başladı. Özlüyümdə " niyə də bombardir olmayım" deyə, fikirləşdim. Amma tək mənim uğurumla iş bitməməlidi. Əsas olan komandamın qarşıya qoyulan məqsədə çatmasıdı.



- Bəzi qarşılaşmalarda gözlənilməz xal itkilərinə məruz qaldız. Bunun səbəbini bilmək istərdik...
- Həqiqətən qızıla bərabər xallar itirmişik. Büdrədiyimiz oyunlara baxsaz görərsiz ki, meydanda ağalıq edən biz olmuşuq. Sadəcə, ya bəxt bizdən üz döndərib, ya da şansızlıqdan qol buraxmışıq.
Amma artıq anlayırıq ki, xal itirməyə haqqımız yoxdu. Ötən turda "İrəvan"a böyük hesabla qalib gəlməklə vacib qələbə qazandıq. İndi bütün oyunlarda bu cür qələbələr əldə etməliyik.


- Qarşıda 5 tur var, çempion ola biləcəksiz?
- Biz bu inamla meydana çıxır və döyüşürük. Hələ mübarizə bitməyib, şansımız var və sona qədər bu yoldan dönməyəcəyik.


- Səncə, Ramiz Məmmədov gəlişi ilə komandada nə dəyişdi?
- Ramiz müəllim savadlı, təcrübəli məşqçidi. O, gəlişiylə bizdə özünəinamı, əzmkarlığı və meydanda sona qədər mübarizə aparmağı aşıladı.


- Mövsümün sonunda komandanı dəyişmək fikrin var? Ümumiyyətlə, başqa klublardan təklif almısan?
- Hazırda bu barədə düşünmürəm. Əsas məqsədin "Şamaxı" ilə çempion olmaq və elitaya qayıtmaqdı.


- "Şər deməsən, xeyir gəlməz" kimi deyim var. "Şamaxı" çempion ola bilməsə  taleyin necə olacaq?
- İstənilən halda birinci danışıq aparacağım komanda "Şamaxı" olacaq.

ABDULLA İSMAYILOĞLU