Bu gün demək olar hamı uşaq futbolunun heç də yaxşı vəziyyətdə olmadığını qeyd edir. AFFA-nın yeni prezidenti Rövşən Nəcəf də media nümayəndələri ilə ilk görüşündə bu sahənin inkişafına  xüsusi diqqət ayrıacaqlarını bildirmişdi. Bəs problem nədi, niyə hamı uşaq futbolunun inkişafından danışdığı halda uzun illərdi ortada heç nə yoxdu.

Uzun müddət müxtəlif yaş qrupları üzrə yığmalarının "sükanı arxasında" olan Aqil Nəbiyevlə də bu barədə söhbətləşdik. Nəbiyev Sport24.az-a müsahibəsində müxtəlif yaş qrupu üzrə yığmalarda yaşanan çətinliklərdən danışmaqla yanaşı, bizi maraqlandıran digər sualları da cavablandırdı.

 

- Sizcə, AFFA-da baş verən son dəyişikliklər uşaq futbolunun inkişafına təkan verəcək?  
- Mən həmişə gələcəyə nikbin baxmışam. Yeni rəhbərliyin futbolumuzla bağlı yaxşı fikirləri var. İnanıram ki, onların düşündükləri reallaşacaq. Komandaların, liqaların sayı artmalıdı. Uşaq futboluna xüsusilə diqqət ayırmaq vacibdi. Verdiyiniz sualın cavabını bir müddət sonra cavablandırmaq olar.

 

- Siz həm uşaq futboluna, həm də müxtəlif yaş qrupları üzrə yığmalarımıza yaxşı bələd olan birisiz. Necə düşünürsüz, aşağı yaş qrupları üzrə millilərdə futbolçu qıtlığının səbəbi nədi?
- Həm uşaq futbolu, həm də liqalarımızda vəziyyət ürəkaçan deyil. Seleksiya zamanı çox çətinlik çəkirik. Elitada 10 komanda və eyni sayda Əvəzedici Liqada. Amma  seçim zamanı əziyyət çəkirik. Məcbur olub I Liqaya və U-19 çempionatına üz tuturuq. Bu liqalarda da çıxış edən oyunçuların performansı yüksək olmur. Seçmə mərhələdəki rəqiblərimizin heyətinə nəzər yetirəndə görürsən ki, onların heyətində öz ölkələrinin güclülər dəstəsində çıxış edən çoxlu sayda futbolçu var. Hətta 17-18 yaşlı oyunçulara belə elitada oynamaq şansı verirlər. Bu da istər-istəməz nəticəyə təsirini göstərir. Bizdə isə tək-tük klub və ya baş məşqçi var ki, gənclərə etimad göstərir. Cavanlara imkan yaratmırıq. Bunun da acısını aşağı yaş qrupları üzrə millilər çəkir.

 

- Sizcə, 21 yaşa qədər futbolçularla bağlı limit  yenidən bərpa olunmalıdı?
- Premyer Liqada limitin olmasının tərəfdarı deyiləm. Onsuzda bir gəncin potensialı yüksəkdisə, yaşından asılı olmayaraq, oynamaq şansı qazanacaq. Amma I II Liqalarda limitin tətbiq edilməsini istərdim.


- Ölkənin əsas yığmasının "sükanı" hələ də boşdu. Sizcə, milli komandaya yerli, yoxsa əcnəbi məşqçi rəhbərlik etməlidi?
- Bu məsələylə bağlı fərqli fikirlər səslənir. Millinin baş məşqçi postu olduqca ciddi təyinatdı. Ona görə də bu işdə min ölçüb, bir biçməlisən. Əsas odu ki, yeni çalışdırıcı yığmanı yeni səviyyəyə çıxaracaq biri olsun. Yerli məşqçilərimizə güvənmək lazımdı. Yox, əcnəbi olacaqsa, mütləq mentalitetimizə, futbolumuza və futbolçularımızın psixologiyasına yaxından bələd olan birini dəvət etmək lazımdı.


- Aşağı yaş qruplarında da mütləq yerli mütəxəssislərmi olmalıdı?
- Bəli. Əslində Avropanın əksər ölkələrində də bu tendensiya var. Yenə deyirəm, bizim yetəri qədər enerjili, savadlı və futbol fəlsəfəsini oyunçulara aşılaya biləcək məşqçilərimiz var. Onlar gənclərlə daha yaxşı işləyə bilər, nəinki, gəlmələr. Bunun bariz nümunəsini görmək üçün Premyer Liqada çalışan məşqçilərimizə baxmaq kifayət edir.


- Sizə yaxın olan "Turan Tovuz"un çıxışına da münasibət bildirmənizi istərdik...  
- 9 ildən sonra Tovuza böyük futbol qayıdıb. Hazırkı "Turan Tovuz" yeni yaranan komandadı. Ondan ciddi yüksək nəaliyyətlər gözləmək tezdi. Buna baxmayaraq, istər ötən, istərsə də cari mövsümdə komanda yaxşı çıxış edir. Ötən "futbol ili"ndə Ayxan Abbasovun yetirmələri kubokun yarımfinalına qədər irəlilədi, çempionatda  6-cı pillədəndən aşağı düşmədi. Hazırda davam edən mövsümdə də avrokuboklara getmək şansını qoruyur. Baxmayaraq ki, "boz qurdlar"ın qarşısına qitəmiqyaslı yarışlara getmək tapşırığı qoyulmayıb. Sevindirici məqam odur ki, "Turan Tovuz" düzgün istiqamətdədi və klub rəhbərliyi gələcək üçün ciddi planlar cızır.  

 ABDULLA İSMAYILOĞLU