Mövsümün sonuna 5 tur qalmasına baxmayaraq, "Qarabağ" istisna, bu yay ölkəmizi avrokuboklarda hansı klubların təmsil edəcəyinə hələ aydınlıq gəlməyib. Qitəmiayaslı turnirlərə yollanmağa iddialı komandalardan biri də "Sumqayıt"dı. Son turda "Turan Tovuz"a qalib gələn "kimyaçılar" hazırda ilk "üçlük"də qərarlaşıb. Növbəti turlar necə olacaq, sumqayıtlılar bu rəqabətdə sonadək duruş gətirə biləcək? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün "Sumqayıt"ın baş məşqçisi, hazırda təcrübə keçmək üçün İspaniyaya yollanan Samir Abasovla söhbətləşdik. 46 yaşlı mütəxəssis Sport24.az-a müsahibəsində həm komandasının son oyunundan danışdı, həm də Premyer Liqadan gedən mübarizəyə toxundu.

 



-  Son turda səfərdə "Turan Tovuz"a böyük hesabla qalib gəldiz. Komandanızdan belə zəfər gözləyirdiz?
- Səmimi deyim ki, belə qələbə gözləmirdim. Bu komandama inanmamaqdan irəli gəlmir. Sadəcə, Tovuzda həmişə "12-ci oyunçu" amili çox güclüdü. Fanatların təzyiqindən, ajiotajdan ehtiyat edirdim. Amma görünür yanılmışam.  


- Məşqçi karyeranızda böyük hesabla qalib gəldiyiniz oyunlar olub. Ən yadda qalanı hansıdı?
- Bəli, məşqçi karyeramda çalışdırdığım komandaların böyük hesablı qələbələri olub. Amma Tovuz təmsilçisinə qalib gəldiyimiz oyundakı ajiotaj ilk dəfə idi.



- Bəs geridə qalan 31 turda ən gözəl oyununuz kimi hansı qeyd edə bilərsiz?  
- "Turan Tovuz"a 4:1 hesabıyla qalib gəlsək də, bundan daha yaxşı oyunlarımız olub. Evdə oynadığımız bəzi qarşılaşmalar var ki, oyun baxımından komandamın oyunundan zövq almışam. Məsələn, "Sabah"a məğlub olduğumuz, "Zirə"ylə heç-heçə etdiyimiz matçları qeyd edərdim.  


- Samir müəllim, çoxları sizə çox iddialı məşqçi kimi baxır…
- Bəs siz necə tanıyırsız (gülür)



- İddianızı və çılğınlığınızı nəzərə alsaq, sizi Adolf Hitlerə bənzətmək olar…
- Belə bənzətmə olmamışdı (gülür). Yox, mən Hitler olmaq istəmirəm. O, tarixdə cəllad, qaniçən kimi tanınıb. Mən yaddaşlarda onun kimi qalmaq istəmirəm. Amma iddialı və çılğınam. Bu da hər zaman uğur qazanmaq istəyimdən irəli gəlir.


- Həm sizin iddianız, həm də "Sumqayıt"ın hədəfləri kəsişəndə nə alınır? Yəni, bu sizi daha güclü olmağa motivasiya edir?
- Mənim Sumqayıtdan olmağımın özü artıq motivasiyadı. Baxın, bu gün əlimin altında olan futbolçuların çoxu çıxıb gedəcək, amma mən Sumqayıtda şəhərində qalacam. Ona görə də hər kəs məndən sorğu-sual edəcək. Odur ki, komandamla uğur qazananda şəhərdə özümə yer tapmıram. Çox sevincli oluram.

 

- Cari mövsümdə ən çox azarkeş sayı Tovuzda qeydə alınıb. Tovuzlular demək olar hər oyunda tribunaları doldururlar. Necə düşünürsüz, Sumqayıtda bu coşğunu nə vaxt görəcəyik?
- Biz bu coşqunu zamanla, nəticələrimizlə yaradacağıq.



- Samir Abasov uzun müddət "Sumqayıt"ın baş məşqçi postunda qalsa, Qurban Qurbanov kimi uğurlar qazana bilər?
- Məncə, yox. Qurban müəllimin nailiyyətini  təkrarlamaq çətindi, hətta deyərdim mümkünsüzdü.


- Bəs Samir Abasov məşqçi kimi öz brendini yarada biləcək?
- Bunun üçün çalışacam. Amma realist də olmaq lazımdı. O, səviyyəyə gəlib çatmaq çox çətindi.


- "Neftçi"nin sabiq baş məqşçisi, "ağ-qaralar"ı son çempionluğa daşıyan mütəxəssis kimi paytaxt klubunun hazırkı durumu ilə bağlı fikirləinizi bilmək istərdik…
- Mənim işlədiyim dönəmlə indiki vaxtı nəzərə alsaq, "Neftçi"də hər şey dəyişilib. Onlar da hazırda avrokuboklara gedən yolda əsas rəqiblərimizdi. Səmimi qəlbdən "ağ-qaralar"a uğurlar arzu edirəm.



- Kubokun finalında "Qarabağ" - "Zirə" qarşıdurmasını izləyəcəyik. Kimə azarkeşlik edəcəksiz?
- Heç kimə

ABDULLA İSMAYILOĞLU