Bu çempionatda haqqında ən çox danışılan baş məşqçilərdən olan Aleksey Baqa. Belaruslu mütəxəssis bu ildən Premyer Liqamızın iştirakçısıdı və "Sumqayıt"a gələndə ilkə imza atmaqla diqqət mərkəzinə düşdü. Axı, o, 30 illik yubileyini qeyd etdiyimiz milli çempionatımızda ilk belaruslu baş məşqçi kimi tarixə düşdü. Baqa çempionluğa oynayan komandaya gəlməsə də, məsuliyyəti az deyildi. Çünki azərbaycanlı sələfi Ayxan Abbasov "Sumqayıt"ın 12 illik tarixinin ən uğurlu baş məşqçisi olaraq ilklərə imza atan komandanı qoyub getmişdi - ilk dəfə Azərbaycan Kubokunun finalına və avrokuboklara çıxan, ilk dəfə Premyer Liqanın medalını (bürünc) qazanan. Amma zaman göstərdi ki, Abbasovla müqaviləni erkən pozaraq yola salan "Sumqayıt" nəinki irəliyə getmədi, əksinə, gerilədi. Hər halda, statistika bunu deməyə əsas verir - 41 yaşlı mütəxəssis "kimyaçılar"ın "sükanı arxası"nda keçirdiyi 19 matçda cəmi 2 qələbə qazanıb. O da keçən mövsümün sonunda sıradan olan matçlarda "Şamaxı" və "Səbail" üzərində - Sumqayıtda müvafiq olaraq 2:0 və 5:0.

İndisə əsas mövzu qələbədən daha çox qol belə vura bilməməkdən gedir. Çünki sumqayıtlılar arxada qalan 450 dəqiqədə bir dəfə də olsun rəqib qapısına yol tapa bilməyib. Baqanın cəmi 41 yaşı olsa da, məşqçilik təcrübəsi artıq 10 ildən çoxdu. O, çempion məşqçidi, bunu Vətənində BATE və "Şaxtyor"la, Litvada "Jalgiris"lə reallaşdırıb, ən vacibi, Çempionlar Liqasının qrup mərhələsinin iştirakçısı olub. Göründüyü kimi, 29 yaşından məşqçiliyə başlayan Aleksey Anatolyeviçin vizit vərəqəsi yetərincə zəngindi. Amma Azərbaycanda bu 9 aylıq müddətdə onun məşqçilik işini heç görə bilmirik. Göründüyü kimi, Baqa hazır komandalara gələrək onu 1-ci etməyi bacarıb. Azərbaycanın ən təcrübəli, titullu məşqçilərindən olan Ağasəlim Mircavadov demişkən: "Neftçi" hazır maşındı, benzini tök, sür get". O, bunu 2006-cı ildə "Neftçi"ni "Xəzər Lənkəran"a dəyişəndə demişdi.  Belaruslu mütəxəssis əsl məşqçilik işini Qazaxıstanda "Aktobe"də göstərməli idi ki, ordan da bir neçə aydan sonra göndərildi.

İndi də "Sumqayıt"da hər şey buna doğru gedir. Heyətin yalnız yerli futbolçulardan ibarət olması ilə bəhanəyə də artıq yer yoxdu. Çünki 2011-ci ildən Premyer Liqasımızın fasiləsiz iştirakçısı olan "gənclik şəhəri"ndə ilk dəfə strategiya dəyişdirilərək, nəhayət, legionerlərin də transferinə icazə verildi. Baqanın menecerlik fəaliyyətində təcrübəsi böyük olan klub prezidenti Riad Rəfiyevlə birgə əl-ələ verərək, legioner transferiylə bağlı yaxşı seleksiya işi görəcəyini düşünmək olardı. Amma görünən odu ki, seçim çox pis aparılıb. Hər halda, "Sumqayıt"ın legionerləri hazırkı çempionatın ən yararsızlarından sayılır. Əvvəlki yerli futbolçular isə, hansılar ki, komandanı arxasınca daşıyırdılar, artıq yoxdurlar. 

"Gənclik şəhəri" təmsilçisinin gəlmələrinin yerlilərdən heç seçilmədiyini son turda "Neftçi"yə qarşı görüşdə darmadağın olarkən bariz şəkildə gördük. Baqa yenə diqqət mərkəzində idi. Çünki onun istefa verərək mətbuat konfransında gəlməyəcəyi haqda xəbər gəldi. Həqiqətən də belaruslu "Bakcell Arena"da jurnalistlər qarşısına çıxmadı və bunun səhhəti ilə bağlı olduğu açıqlandı. Aydın məsələdi ki, bu, bəhanədi və Anatoli kişinin oğlu sadəcə, Əsasnamədə olan bu şərtə əməl etməyi lazım bilməyib. Daha doğrusu, o hayda olmayıb. "Sumqayıt" da cərimə olmasın deyə medianın önünə azərbaycanlı köməkçisi Rail Məlikovu çıxarmalı oldu.

Baqa yaxşı görür ki, "Sumqayıt"da işi alınmadı, yeni də gəlməyib deyə vaxt istəsin. Ona görə də adına hörmət edərək üzüsulu getmək istəyir. İlk baxışdan baş məşqçinin özünün istefa verməsi klub rəhbərliyinin ürəyincə olmalıdı. Axı, bu halda, müqavilənin pozulmasına görə kompensasiya ödəmək lazım gəlməyəcək. Baqayla isə keçən qış 2,5 illik müqavilə imzalanıb. Göründüyü kimi, anlaşmanın qalan müddəti az qala 2 illikdi. İndiki məqamda Baqanın gedişi Rəfiyevə heç sərf etmədiyindən, onu fikrindən daşındırıb postunda saxlamağa çalışır. Çünki əcnəbi baş məşqçi ilə yollar ayrılacağı halda, əsas hədəf klub prezidenti olacaq, əsas günahkar o sayılacaq, kreslosu "laxlamağa" başlayacaq.

"Sumqayıt" növbəti turun oyununu evdə keçirəcək, özü də olduqca münasib rəqibə qarşı. Söhbət arxada qalan 5 turun 4-də məğlub olan, indiyədək qələbə sevinci dadmayan "Şamaxı"dan gedir. Doğrudu, "aşpazlar" Baqanın yetirmələrindən fərqli, "qol orucu"nu pozub, amma xal ehtiyatına, turnir cədvəlinə boylananda Orxan Fikrətoğlu kimi "dahi futbol bilicisi"nin İdarə Heyətində yer aldığı bölgə təmsilçisindən üst sırada olduğunu görürük. Bu, qol vursa da, xal sayına görə özündən aşağıda gedən "Şamaxı"dı. Rəfiyev də görür ki, cəmi 1 xalı olan bu rəqibə qol vurmaq, ona qalib gəlmək realdı və buna nail olarlarsa, "qara bulduları"ı başlarının üzərlərindən ən azı bir müddətlik də olsa kənarlaşdıra biləcəklər. Amma işində keyfiyyət yoxdursa, nə qədər uzağa gedə bilərsən ki?!

Taleyin işinə bax, yalnız yerli futbolçularla oynamaq missiiyasını "Sumqayıt"dan məhz "Şamaxı" öz üzərinə götürdü. İndi şamaxılılar da uzun müddət bu siyasətə sadiq qalmış komandanın qol, qələbə arzusunu gözündə qoymuş olarsa, bu, Rəfiyev-Baqa tandeminə ikiqat zərbə zərbə vurmuş olacaq. Bu halda artıq danışmağa da artqı söz olmayacaq.

Test imtahanından belə bir məşhur ifadə var ki, dörd səhv bir düz cavabı aparır. "Sumqayıt"ın artıq bu sayda səhvi var:

1. Ayxan Abbasovun göndərilməsi

2. Aleksey Baqanın gətirilməsi

3. Yararsız legionerlərin transfer olunması

4. Daxili transfer bazarında da uğursuz çalışma

Görəsən, bu dəfə necə olacaq? Bu dəfə də 4 səhv bunadək keyfiyyətli (düz) işi ilə seçilən Riad Rəfiyəvi aparacaqmı?

MEHMAN SÜLEYMANOV