Bu gün "Kəpəz" PFK İB-nın rəhbərliyi ilə Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin Gəncə şəhər filialının üzvləri arasında görüş keçirilib. Sport24.az xəbər verir ki, klubun bazasında qonaqları salamlayan "Kəpəz" PFK İB-nın İdarə Heyətinin sədri Anar Abdullayev görüşün 20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü ərəfəsində keçirildiyini xatırladaraq, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərə, müharibə veteranlarına cansağlığı arzulayıb.
Abdullayev "Kəpəz"ə göstərdikləri dəstəyə görə görüş iştirakçılarına minnətdarlığını bildirib:
"Sizin mənəvi dəstəyinizə həmişə ehtiyacımız var. Çünki siz dövlət suverenliyinimizin bərqərar olması üçün canınızdan, qanınızdan keçmisiniz. Fəxrlə deyə bilərəm ki, 44 günlük Vətən müharibəsi zamanı göstərdiyiniz qəhrəmanlıqlar dillər əzbəridir. Sizin kimi qaziləri, veteranları diqqətdə saxlamaq, "Kəpəz"in oyunlarına dəvət etmək bizim borcumuzdur".
Dövlət başçısı İlham Əliyev tərəfindən Azərbaycanda bütün idman növlərinə, o cümlədən futbola böyük diqqət göstərildiyini qeyd edən A.Abdullayev "Kəpəz" komandasında qarşıya qoyulan hədəflərdən danışıb. O, Gəncənin rəmzlərindən birinə çevrilən klubun azarkeşlərin də dəstəyi sayəsində şanlı keçmişini qaytaracağına, daha böyük uğurlara imza atacağına inandığını bildirib.
Öz növbəsində Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin Gəncə şəhər filialının sədri Nemət Abdullayev dəvətə görə "Kəpəz" PFK rəhbərliyinə minnətdarlığını bildirib. Vətən müharibəsi zamanı keçdikləri döyüş yolundan danışan N.Abdullayev Ali Baş Komandanın əmrlərinə bundan sonra da hazır olduqlarını söyləyib. Futbola sevgisini dilə gətirən müharibə veteranı "Kəpəz"ə dəstək göstərməkdən məmnun qaldıqlarını diqqətə çatdırıb.
Görüşün sonunda "Kəpəz" PFK İB-nın İdarə Heyətinin sədri Anar Abdullayev fəxri fərmanla təltif olunub. Sonda görüş iştirakçıları xatirə şəkli çəkdiriblər.