Premyer Liqamızda mövsüm başa çatmaq üzrədi. Günümüzün ən qaynar müzakirəsi "sonuncu yeri tutan komanda elitanı tərk etməlidirmi?" sualıdı. Böyük ölçüdə "Qəbələ"nin 10-cu olacağına şübhə yoxdu. Bəs ən gözəl infrastruktura malik klubun Premyer Liqada qalıb-qalmamasına dair idman mətbuatımızın nümayəndələri nə düşünür?

Emin Abbasov (Sportal.az saytını baş redaktoru): "İdman prinsipləri mütləq şəkildə qorunmalıdır. Bu, reqlamentdə də qeyd olunub. Bir komanda aşağı liqaya düşür, yerinə bir komanda Premyer Liqaya yüksəlir. Müzakirələrə uyğun olaraq 1 komandanın düşüb, 3 komandanın Premyer Liqaya qalxması da mümkündür. Bu məsələ də reqlamentə daxil edilib. Lakin istənilən halda 1 komanda aşağı liqaya düşməlidir".


Aydın Bağırov (Qol.az saytının baş redaktoru): "AFFA-nın yeni rəhbərliyi yeni mövsüm üçün komanda sayını 12-ə çatdırmalı, birinci liqadan əlavə iki komanda Premyer Lİqaya yüksəlməlidir. Belə olan halda "Qəbələ" də Premyer Liqada qalmalıdır. Yox, əgər yenə 10 komandalı çempionat olacaqsa, onda əlbəttə, idman prinsiplərinə əməl olunmaqla "Qəbələ" birinci liqaya düşməli, birinci divizionun qalibi də yüksək liqaya qalxmalıdır".


Kənan Həsənov (Report İnformasiya Agentliyinin İdman şöbəsinin rəhbəri): "Bütün idman növlərində idman prinsipləri qorunmalıdı, o cümlədən futbol üzrə Premyer Liqamızda da. Təəssüflər olsun ki, Azərbaycan futbolunda uzun illər idman prinsipi heçə sayılıb. Amma ötən mövsüm "Şamaxı"nın aşağı liqaya yuvarlanması ilə bu ənənəyə start verildi ki, bu da təqdirəlayiq haldı. Başa düşürük ki, "Qəbələ" yaxşı bazaya, infrastruktura malik bölgə klubudu. Onların aşağı liqaya yuvarlanması üzücüdü. Amma idman prinsipi öndə dayanmalıdı. Kimliyindən asılı olmayaraq istənilən klub sonuncu pilləni tutursa elitanı tərk etməlidi. İdman prinsiplərinin qorunması hamıdan çox çempionatın təşkilatçısı PFL-ə, futbolumuzun əsas qanunverici orqanı olan AFFA-ya lazımdı. İdman prinsiplərinin pozulması yersiz söhbətlərə, inamsızlığa səbəb olur".

 

Elçin Cəlilov (Futbolpress.az saytının baş redaktoru): "İdman prinsipləri "Qəbələ" üçün tətbiq olunmaya bilər. Çünki prinsiplər həqiqətə bərabər faydaya görə tətbiq olunur. "Qəbələ" faktiki ölkədə ən yaxşı bazaya malik klubdur. Assosiasiya klubla müvafiq müzakirələr edib, bunun vacibliyini hiss etsə, bölgə klubunu itirməmək naminə bu dəfə son dəfə olaraq güzəştə getmək olar. Tarix göstərib ki, belə klublar dəstək görməsə, dağılır. İndi "Qəbələ" kimi klub formalaşdırmaq üçün bizə heç bir idman prinsipi kömək etməyəcəksə, onda aşağı eşelona düşürülməməsinə çalışmaq lazımdır. Yenə deyirəm, klubla bu haqda ciddi müzakirələr aparılmalıdır. Bəlkə heç alt liqaya düşməyi faciə saymırlar?"


Ruslan Mikayıllı (Azerisport.com saytının redaktoru): "İdman prinsipləri əsasdı. Amma Azərbaycan reallığını və "Qəbələ"nin bölgə klubu olaraq yaxşı baza və infrastruktura malik olmasını nəzərə alaraq istisnaya yol verməklə "Qəbələ"yə daha bir şans tanınmalıdı".


Əli Sahib (Fanat.az saytının baş rrdaktoru): "İdman prinsipləri həmişə qorunmalıdı. Əgər növbəti mövsümdə də 10 komanda olacaqsa və "Qəbələ" sonuncu yeri tutacaqsa, getməlidi. Yox, komanda sayında artım olacaqsa, o zaman "qırmızı-qaralar" elitada qalmalıdı. Gəlin, reallığı da nəzərə alaq. Bu gün "Qəbələ" ən yaxşı baza, infrastrukturu olan bölgə klubudu həmçinin klubun pis və ya yaxşı akademiyası var. Həmin akademiyanın uşaqları bu gün aşağı yaş qrupları üzrə yığmalarımızda yer alır. Həmçinin 10-15 il bundan əvvəl "Qəbələ" akademiyasında yetişən uşaqlar hazırda elita klublarının aparıcı oyunçusudu. Klub aşağı liqaya düşsə, akademiyası ciddi zərər görəcək. Eləcə də bu gün "Qəbələ" bütün 1-ci liqa komandalarından üstündü. Bu klubu aşağl liqaya göndərib yerinə hansı səviyyəli 3 komanda gətirəcəyik? Odur ki, komanda sayı artacaqsa, "qırmızı-qaralar"a şans verilməlidi".


İbrahim Cəfərov (futbolxeber.az saytının baş redaktoru): "Bir tərəfdən deyirik ki, qaydalar hamı üçündü. Digər tərəfdən də söyləyirik ki, qaydalar yaranıb pozulmaq üçün. Qanuni tərəfi götürsək sonuncu olan elitanı tərk etməlidi. Amma mövcud reallığa baxsaq, "Qəbələ" aşağı liqaya düşsə vəziyyəti ağır olacaq: maliyyəsi azalacaq, akademiyasında işlər demək olar bitəcək. Futbol tariximizdə çox klub olub ki, bu taleyi yaşayıb. Uzağa getməyək, "Bakı" kimi avrokuboklarda oynayan, gözəl bazası olan komanda elitanı tərk edəndən sonra qısa zaman çərçivəsində dağıldı. Sırf "Qəbələ"nin də bu aqibəti yaşamaması üçün ona güzəşt olunmalıdı".


Teymur Maqsudov (1nyus.az saytının idman yazarı): "Qəbələ" kimi klubun 1-ci liqaya düşməsi heç də yaxşı deyil. Amma Premyer Liqada 10 klub qalacaqsa, "Qəbələ" də sonuncu yer tutsa, mütləq aşağı liqaya getməlidi. İdman prinsipləri işləməlidir və 1-ci liqanın qalibinin haqqı yeyilməməlidir. Həm də, mütləq nəzərə alınmalıdır ki, artıq iki mövsümdür ki, Premyer Liqa klubları dövlətdən 3 milyon manat alır və bu vəsait elitada oynamaq üçün tam kifayət edir. Yəni ki, 1-ci liqada çempion olan komandaya AFFA artıq "lisenziya şərtlərinə cavab vermir" deyə bilməz. Təcrübə göstərir ki, "lisenziya şərtlərinə cavab verir və ya vermir" cümləsinin arxasında ancaq maliyyə gizlənir. Bu mövsüm Premyer Liqada oynayan "Kəpəz"in və "Araz-Naxçıvan"ın heç öz stadionları yoxdur. Amma lisenziyanı ala biliblər. Premyer Liqada iştirakçı sayının 12-yə çatdırılması gözlənilir. Bu baş versə, "Qəbələ" artıq Premyer Liqa qalmalıdır və ya ən azından 1-ci liqanın üçüncü olan komandasıyla təsnifat oyunu oynamalıdır".

Rasim Sultanzadə (Apasport.az saytının baş redaktoru): "Səbəbi hər kəsə məlumdur. Düşməlidir. Adını çox şey qoymaq olar, haqq-ədalət, idman prinsipləri və s. Düşməsə, bu güzəştlərin, imtiyazların axırı yaxşı yerə getməz. Söhbət "Qəbələ"dən getmir. Bu boyda uğurlardan 1 il sonra "Qarabağ" da sonuncu olsa, düşməlidir. Yoxsa sözsüz ki, infrastrukturdan, akademiyadan, perspektivdən hamımız haliyik. Mən də istəməzdim. Gərək düşməyəydi... Təəssüf ki, düşməlidir".