Ötən gün həyatımın ən maraqlı günlərindən biri kimi yaddaşıma həkk oldu. Azərbaycan Premyer Liqasının pusku atılanda artıq qərarlaşdırmışdım ki, müstəqillik dövrünün ən barışmaz iki komandası - "Turan" - "Kəpəz" - "Qərb derbisi"ni stadiondan işıqlandıracam.

Ponomaryovun penaltilərini qaytaran Bozqurd

Ölkəmizin demək olar hər nöqtəsində olsam da, Tovuza heç vaxt baş çəkməmişdim. Qismət dünənə imiş. Amma heç ağlıma gəlməzdi ki, bu sətirlərin müəllifini Vətənimizin bu dilbər guşəsinə aparacaq avtomobilin sahibi "Bozqurd" ləqəbli Etibar Əmiraslanov olacaq. 62 yaşlı cəngavəri sifətdən tanımırdım, maşının dolması üçün daha 1 nəfəri gözləyərkən "bəri dur, görem" dedi.

- Tovuzamı gedersən?
- Aha.

- Sən tovuzlu deyilsən!
- Elədi, işlə əlaqədar gedirəm.

- Bilersənmi hardan bildim ki, tovuzlu deyilsən?
- Yəqin ləhçəmin fərqli olmasından...

- Yox! Məni tanımayan tovuzlu özünü tanımer!

...Bu vaxt son sərnişin də yetişdi və ön sırada oturmağımla bir avantaj da qazandım. Çox maraqlı idi ki, axı, bu, "mənəm-mənəm" deyən ağsaqqal kimdi?!

Yola düşürük. Bozqurdu yavaş-yavaş "qıdıqlamağa" başlayıram. Ancaq özü haqda danışmazdan əvvəl əsl kəşfiyyatçı kimi məni dişinə vurur, kimliyimi, hansı məqsədlə babalarının yurduna yollanmağımın səbəbini soruşur. Əlbəttə, gizlədiləsi heç nə yoxdu və qısaca "Qərb derbisi"nə, bu oyunun Azərbaycan futbol tarixində özünəməxsus yeri olduğunu bildirirəm.

- (gülür) "Turan" "Neftçi"ni udub çempion olanda tribunada idim. AFFA-nın prezidenti var idi, Fuad (Musayev - red.). Allah rəhmət eləsin. Dedi ki, hakim qəsdən uduzdurur "Neftçi"ni, onu cəzalandıracam. İstəmerdi biz çempion olaq. Kəllə-kelləyə gəldim onunla. Dedim hakimə heç nə edəmməzsən. Sonra Azərbaycanı ilk dəfə Avropada təmsil etdik. "Fənərbaxça"yla ordakı oyunu da tribunadan izləmişdim. Yaxşı futbolçular oynoordu - Musa və Qurban qardaşları (Qurbanovlar), rəhmətlik Sakit (Alıyev), Vidadi (Rzayev)...

- Maşallah sən əsl futbol bilicisisən ki...
- Saratovun "Sokol" komandasının əsas qapıçısı olmuşam. Sonra Bakıya gəldim. O vaxtlar, bəlkə də yadına gələr, Ponomaryov var idi, penallarını qaytaran tapılmerdi...

- Əlbəttə, tanıyıram. 1982-dən "qaynayıram"... İqor Anatolyeviç daha sonra Olimpiya çempionu oldu, indi isə klub funksioneri kimi çalışır.
- Hə dana, bax, onu deyerəm. Beş dəfə penalti vurdu, 2-ni qaytardım. Nə isə, "Neftçi"yə götürmək üçün 3 min manat rüşvət istədilər. Bununla da futbola son verdim.

"Ölmüş kimi göstərilmişdim və kənddə qəbrim də var"

Əmiraslanovun Tovuz, Azərbaycan üçün hansı fədakarlıqlar etdiyini sözlə ifadə etmək olmur. Ancaq bundan əvvəl Sovet ordusunun sıralarında Əfqanıstanda xidmət edib. Xidmət etdiyi dəstəylə əsir düşüb. Kimin əsirliyində olub? Bin Ladenin! Özünü dinləyək:

"Bin Ladeni 2-3 dəfə gördüm. Hər zaman əsgər və zabitlərinə əsirlərlə nəvazişlə davranmağı tapşırırdı. 11 nəfər idik. Hər gün birimizi edam edirdilər. Cəmi 3 nəfər qalmışdıq. Ölmək daha rahat idi, nəinki hər səhər potensial cəlladlarının içəri daxil olaraq növbəti qurban sənin olub-olmayacağını bilmək. Türkiyənin "Bozqurd"ları bizi xilas etdi. Bax, həmin vaxt Bozqurda sədaqət andı içdim. Ölmüş kimi göstərilmişdim və kənddə qəbrim də var. Azərbaycana qayıdanda lal və kar idim. Bu, qorxudan baş vermişdi. Görersən, indi də kəkələyirəm. Əsəbləşəndə isə heç danışa bilmirəm. Uzun müddət Moskvada müalicə olundum".

Daha sonra dilinin necə açılmasını danışır, amma rus xanım həkimin buna necə nail olmasının təfsilatını yazmayacam. Bəs, Tovuzun müdafiəsi, bəs Bozqurd dəstəsi? Videokadrları qoyur: "Əvvəlcə, bax ki, fikirləşməyəsən Bozqurd uydurer. Görersənmi? 11 əsgərimizi öldürmüşdü ermənilər. Bir dirisini tutub verdim komandanlığa ki, meyitlərimizlə dəyişdersinlər. Erməniyə inanmaqmı olar? Söz veriblər ki, dığanı qaytarın, axşam meyitlər sizdədir. İki gün uzatdılar söhbəti. Rəhmətlik Fətulla Hüseynov məndən xahiş etdi ki, məsələyə müdaxilə edim. Gecəylə ən yaxın kəndlərinə dəstəmlə kəşfiyyata çıxdıq. Toy var idi. Məsləhətləşdik ki, toydan dəm çıxajaxlar dana, geri qayıdanda 3-4 dığanı qulaxlayaq. Bir köhnə "07" maşına doluşanlar gördük. Yola iri daşlar düzdük. Nə isə, tutub gətirdik bunları. Dəyişməyə razılaşdılar,  amma Əlibəylidə yox, başqa kənddə. Sən demə şəhidlərimizin gözlərini çıxarıb, işgəncə veriblərmiş. Qorxularından bizə göstərmək istəməyiblər. Xavar tutan kimi qərara aldıq ki, bu gecə onları qanlarına qəltan edəcəyik. Moskva televiziyası təsdiqlədi həmin dığa qırğınını - 386 ermənini qırdıq! Ondan sonra başıma mükafat elan elədilər. Erməni kimdi ki, Bozqurdu tuta?!".

400 qulaq kəsən, şəkər xəstəliyini qorxudan tapan

İgid ağsaqqal nəql edir, özlüyümdə düşüncəyə dalıram: belə bir yükü gəzdirən ürək sahibi olmaq əsl qəhrəmanlıq tələb edir: "400 qulaq kəsmişəm! Bilersənmi, Azərbaycanın şanlı tarixinə düşməsəm də, ermənilərin qanlı tarixinə düşmüşəm. Adım gələndə titrəmələri mənə bəsdi".

Ağsaqqal şəkər xəstəsidir. Amma kefi kökdür, xeyli məzəli əhvalatlar danışır. Bunlardan birini sizlərlə bölüşəcəm: "Vita sürerdim 8 nəfərlik. Bir ailə sifariş verdi. Dedilər xəstəxanada ağsaqqalarının vəziyyəti pisdi. Kişini görəndə dedim ki, əziyyət verməyin, can üstündədi. Balaları dirəndi ki, apar Bakıya. Doluşdular, getdi. Xəstəxanaya qoyub yenicə çıxmışdım ki, zəng elədilər. Deyirlər kişini geri aparmaq lazımdı. Ayə, yarım saata sağaltdılarmı? Dedilər yox, kişi ölüb. Anrı-bəri söhbətləşdik, nə qədər elədim ki, mən ölü aparmeyrəm, əl çəkmədilər. Nəhayət, razılaşdıq ki, arxa oturacaqları bir az irəli itələyəcəm, baqajda aparacam meyiti. Meyit yiyələrindən heç kəs maşına minmədi. Keçdim əl-ayağımı yudum və üz götürdüm Tovuza. Saatda 1 siqaret yandıreyram. Elə 3 saat keçərdi, birini də damağıma qoyanda, arxadan bir əl qoyuldu çiynimə və "siqaretindən birini də maa ver" dedi. Rulu itirdim, qaranlıq yolda ürəyim gəlif ağzıma, tormozu tapammeyrəm. Nə başını ağrideym, həmin hadisədə şəkər xəstəliyi tapdım. Sən demə meyitin yiyələrindən biri nəyi var vurubmuş. Mən əlimi yumağa gedəndə, girib başını qoyub tabutun yanına yatıb. 3 saatdan sonra ayılıb, siqaretin də təbi gəlif".

Tovuzlu igidin arzusu çin olanda

Həə, bax, belə bir əbədi iz buraxacaq, hələ xeyli söhbətlərini müxtəlif obyektiv səbəblərdən qələmə almadığım insanla yolçuluğum sona çatır. Oyunun başlamasına təqribən saatyarım qalır ki, bu vaxtdan da səmərəli istifadə edirəm: avtovağzalın yaxınlığında yerləşən "Şəhidlər Xiyabanı"na üz tuturam. Abadlıq işləri davam edən Vətən uğrunda canlarından keçən igidlərimizin son mənzilində bir neçə şəkil çəkib üz tuturam stadiona. Yeri gəlmişkən, məsafə olduqca yaxındı.

Start fitinə yarım saatdan bir qədər çox vaxt qalır. Bu zaman kəsiyində bir sıra PFL rəsmisi ilə görüşürəm. Hiss olunur ki, Tovuza əliboş gəlməyiblər. Tovuz azarkeşi isə yavaş-yavaş qızışır. Zarafat deyil e, 9 ildi futbolsevərlər "Qərb derbisi" arzusundadır! Oyundan öncə daha bir möhtəşəm mənzərə yaşandı. Tovuzlu igid, Vətən müharibəsi iştirakçısı Əli Məmmədov müharibənin qızğın çağında ən böyük arzusunu səsləndirmişdi: "Heç nə istəmirəm, bir tək sevimli "Turan"ımı Premyer Liqada görməyi arzulayıram. Və budur, "Turan" Premyer Liqadadı, qalib əsgər Əli də sağ-salamat evinə qayıdıb və sevimli komandasının üzvlərini bir-bir bağrına basır. Kövrək anlar idi, amma bir o qədər də qürurverici!

Elgiz Abbasov nümunəsi, Ayxan Abbasovun qərarından narazı

Nəhayət, start fiti səslənir. Matç "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov üçün debüt xarakteri daşıyır. Təcrübəli mütəxəssis ilk oyununu qələbə ilə başlamaq niyyətindədir. Meydan sahiblərinin ilk 2 təhlükəli həmləsi boşa çıxdıqdan sonra təşəbbüs Gəncə komandasına keçir. Bu azmış kimi, start fitindən təqribən 12-15 dəqiqə sonra "Kəpəz" fanatları da əks tribunada yerlərini tuturlar. Hər iki tərəf mükəmməl ab-hava yaratmağı bacarıb. Əsl futbolda ağız deyəni qulaq eşitməməlidi: bax, dünənki derbidə də eyni situasiya yaranmışdı. Topa daha çox "Nizami yurdu"nun təmsilçiləri sahib olsalar da, qol epizodları sarıdan kasadlıq idi. Bu da bilavasitə ifaçılara bağlı məsələ idi. Hər halda, fasiləyə 6 dəqiqə qalmış Tovuz azarkeşi coşdu! Runi Eva Natan Oduvanın ara ötürməsindən sonra hesabı açdı.

Fasilədə qonaqlarda Mixel Erqemlidze Fərid Nəbiyevi əvəzlədi, "Turan"da isə Turan Vəlizadəni  istedadlı Abbas Ağazadə. Tərlan Əhmədovun komandasının tempi artırmaq cəhdləri məhz gənc Abbasın fəallığı sayəsində minimuma enirdi. Ümumilikdə futbolçuların şəxsi keyfiyyətlərinin aşağı olması da özünü göstərirdi.

Görüşün kulminasiya nöqtəsi isə 75-ci dəqiqədə yaşandı. Natan Oduvaya qarşı cərimə meydançasında qayda pozuldu. Qarışıqlıq zamanı Vüqar Həsənov bunu görmədi. Ardınca Ayxan Abbasov Natanı əvəzlədi. Futbolçu bütün mimikaları ilə baş məşqçidən narazılıq edirdi. Yalnız matçdan sonra öyrənə bildik ki, Oduva özünə qarşı qayda pozuntusunun olduğunu və VAR-dan penalti işarəsi gələcəyinə əminliyini söyləyirmiş. Komandanın əsas penalti yerinə yetirəni də məhz 26 yaşlı futbolçudu. Elə bu səbəbdən də britaniyalı futbolçu əvəzlənməməsini istəyirmiş. Baş hakim VAR-a baxmağa gedərkən AFFA nümayəndəsi Elgiz Abbasov əsl master-klass keçdi. Monitora yaxınlaşmaq istəyən futbolçulardan heç birini yaxına buraxmayan gənc məmur nümunəvi davranışı ilə yarışlarda məsul şəxslərdən hər birinə örnək oldu. Həsənlinin qərarı "nöqtə" oldu ki, Eva penaltini sərrast yerinə yetirərək matçda son nöqtəni qoydu 2:0.

Final fitinə dəqiqələr qalmış yerli fanatlar "Kəndin böyüyü bilirik kimdi" şüarını səsləndirməklə gəncəli azarkeşlərə "Qərbin tək kralı "Turan"dı" ismarıcını göndərdilər.

Final fiti səsləndiriləndən sonra isə sanki rayon toyunda idim: milli musiqilərimiz səsləndirilir, hamı əl açıb oynayır. Təsəvvür edirsiniz, 1 saat ərzində tribunalar boşalmırdı, insanlar rəqs edir, şənlənir, sevincini bir-birləri ilə bölüşürdülər. Mən tribunalarda bir tamaşaçıya belə rast gəlmədim, ancaq komandasını təmənnasız sevən fanat gördüm. Bir qrup azərbaycanlını xoşbəxt görmək isə hər birimizə xoş olmalıdı. Bilmirəm, neçə belə gün yaşamışam həyatda, amma əminəm ki, bu cür emosiya, zövq ləzzət çoxdan, lap çoxdan idi almırdım.

CEYHUN ƏLİYEV, BAKI-TOVUZ-GƏNCƏ.

P.S. Yazı turun növbəti - "Qəbələ" - Neftçi" oyununu işıqlandırmağa gedərkən yığılıb.