Ötən həftə yaşadığım şoku sizinlə bölüşmək istəyirəm. Etika xatirinə ad çəkməyəcəm. Ancaq onu deyə bilərəm ki, məni təəccübləndirən (əslində heç təəccüblənmədim) hamının tanıdığı iki futbol veteranı oldu. Hansı ki, daim AFFA-dan şikayət edir, ölkə futbolunun düzgün idarə olunmadığını bildirir. Hər dəfə onu da qeyd edir ki, biz veteranlara səlahiyyət verilsə qısa vaxtda Azərbaycan futbolu ağ günə çıxar, çatışmazlıqlar həll olunar.

Ötən həftə U-21-in Şimali İrlandiya ilə oyunundan əvvəl əlaqə saxladığım tanınmış veteranla aramızda olan söhbəti təqdim edirəm.

- Salam ... müəllim, necəsiz?

- Çox sağ ol. Sən necəsən?

- Yaxşı olasız. ... müəllim bu gün U-21-in oyunu var. Samir Əliyevin çalışdırdığı komandanın oyunu, rəqib barədə fikilərinizi öyrənmək istəyirəm.

- Sən hələ mənə de görüm, U-21 kiminlə oynayır? Heç nədən xəbərim yoxdu.

- Müəllim, doğrudan bilmirsiz?

- Əşi, U-21 kimə lazımdı?

- Bu gün U-21 oynayanlar sabah əsas yığmanın şərəfini qoruyacaqlar...

- Mənə maraqlı deyil.

Bu tanınmış futbol veteranının U-21 barədə söylədikləri...

Elə həmin gün Canni de Byazinin çalışdırdığı əsas milli ilə bağlı daha bir veteranın fikilərini öyrənməyə çalışdım. Kaş ki, zəng vurmayaydım...

- Salam ... müəllim.

- Salam.

- Sabah milli Estoniya ilə qarşılaşacaq. Oyunla bağlı nə fikirləşirsiz?

- Yığma komanda evdə oynayır, yoxsa səfərdə?

- Müəllim, neçə gündü hamı Estoniya ilə matç barədə danışır. Mətbuat yazır, telekanllar reportajlar hazırlayır. Doğrudan bilmirsiz Estoniya ilə görüş hardadı?

- Bilmirəm. Kimsə demişdi ki, oyun olacaq. Ancaq bilmirəm, harda oynayacaqlar.

- Oldu müəllim, sağ olun.

- Bəs fikirimi bölüşməyim.

- Ehtiyac qalmadı.

 Bax belə. Sonra da deyirik ki, bizim veteranlarımız işləməli, daim yuxarı başda əyləşməlidilər. Təbii ki, futbol veteranlarımızın heç də hamısı belə deyil. Ancaq...