Xəbər Lenti

    Formula 1-in qalibi müəyyənləşdi: Prezident İlham Əliyev mükafatlandırma mərasimində iştirak etdi

    FormulaTarix: 2017-06-25 22:01:00
    ...

    Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından biri - Formula-1 Azərbaycan Qran-Prisi iyunun 25-də uğurla başa çatdı. Sport24.az xəbər verir ki, Odlar yurdunun paytaxtı Bakı öz tarixində növbəti dəfə mötəbər beynəlxalq idman yarışına ev sahibliyi etdi. Növbəti dəfə bütün dünyanın idman nəbzi Bakıda - Şərq ilə Qərbin koloritinin cəmləşdiyi bu nadir şəhərdə döyündü.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Formula-1 üzrə dünya çempionatının səkkizinci mərhələsinin - Azərbaycan Qran-Prisinin açılış mərasiminə və final yarışına baxıblar.

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yarışın paytaxtın Azadlıq meydanındakı idarəetmə mərkəzində yaradılan şəraitlə tanış oldular.

    Bildirildi ki, böyük ərazini əhatə edən kompleksdə yarışa nəzarət binası, Beynəlxalq Avtomobil Federasiyasının, Formula-1 rəhbərliyinin ofisləri, eləcə də iştirakçıların hər biri üçün dayanacaqlar tikilib. Burada Paddok klubun üzvləri üçün də yerlər nəzərdə tutulub. Paddok klubun üzvləri burada pit-stop əməliyyatlarını rahatlıqla izləyirlər. Məhz bu ərazidə yarışın startı və finişi yerləşir.

    Formula-1 Azərbaycan Qran-Prisinin paytaxtın Azadlıq meydanında keçirilən möhtəşəm açılış mərasimi maraqlı anları ilə yadda qaldı. Milli mədəniyyətimizi Formula-1 dəyərləri ilə birləşdirən açılış mərasimi bir çox milli rəmzlərin vəhdətini yaratmaqla yüzlərlə könüllü, azərbaycanlı sənətçilər, milli qruplar və beynəlxalq ifaçılardan ibarət heyət tərəfindən təqdim edildi. Bu anlar bir daha təsdiqlədi ki, dünyada yarım milyard tamaşaçı auditoriyası olan Formula-1-in Bakıda keçirilməsi ölkəmizin beynəlxalq idman aləmində qazandığı uğurları bir daha əks etdirdi. Birinci Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarından sonra Formula-1 kimi mühüm yarışın Bakıda keçirilməsi Azərbaycanın idman dövləti olduğunu, bu missiyanın ölkəmizin timsalında hər zaman özünü doğrultduğunu təsdiqləyir. Bütün bunlar Azərbaycanın dünyada getdikcə artan nüfuzundan, siyasi və iqtisadi sahədə qazandığı uğurların yetirincə olmasından qaynaqlanır.

    Teatrlaşdırılmış səhnələrlə müşayiət olunan açılış mərasimində Azərbaycan mədəniyyətinin incə koloriti, milli rəqslərimiz və ən əsası da xalqımızın əsrlərdən bəri qoruyub saxladığı simvollar dünya tamaşaçılarına canlı yayımda nümayiş etdirildi. Beynəlxalq idman aləmi müstəqillik yolunda uğurla addımlayan Azərbaycanı bir daha tanıdı. Qədim tarixə, zəngin mədəniyyətə, milli-mənəvi dəyərlərə, ən əsası da parlaq idman ənənələrinə malik ölkəmizin güclü potensialı dünyaya bir daha nümayiş etdirildi. Dünya qarşıya qoyulan hər bir məqsədin, hər bir niyyətin sürətli inkişafı ilə örnək olan Azərbaycanda necə uğurla reallaşmasına şahidlik etdi.

    Sonra Azərbaycan Respublikasının dövlət himni ifa olundu.

    Daha sonra Formula-1 Azərbaycan Qran-Prisinin final mərhələsinə start verildi.

    Hər birində iki pilot olmaqla komandaların bir gün əvvəl keçirilən sıralama yürüşünün nəticəsinə əsasən start xəttinə ən yaxın məsafədə “Mercedes”in pilotları Luis Hamilton və Valtteri Bottas dayandılar. Onlar müvafiq olaraq, ilk iki pillədə qərarlaşdılar. İlk üçlüyü “Ferrari”nin pilotu Kimi Raykonnen tamamladı. Beləliklə, pilotlar qalib adı uğrunda mübarizəyə başladılar.

    Bakı trekinin uzunluğu 6 kilometr, ümumu məsafəsi isə 306 kilometrdir. Pilotlar 20 çətin döngəsi olan trekdə 51 dövrə vurdular. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trek Bakının tarixi məkanlarından, dəniz sahilindən keçməklə azarkeşlərdə xoş ovqat yaratdı. Yarışları 30 mindən çox tamaşaçının izləməsi üçün tras boyunca hər cür şərait yaradılmışdı. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edirdi.

    Bakıda Formula-1 Azərbaycan Qran-Prisinə iyunun 23-də start verilib. Yarışın birinci günündə pilotlar Bakı şəhər halqasında iki sərbəst yürüşdə güclərini sınadılar. İlk sərbəst yürüşdə “Red Bull Racing” komandasının pilotu Maks Ferstappen birinci oldu. Pilot 1 dəqiqə 44,410 saniyəlik nəticə ilə bütün rəqiblərini qabaqladı. Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula-2 yarışları da keçirildi.

    İyunun 24-də Formula-1 azarkeşləri Azərbaycan Qran-Prisinin ikinci günündə də maraqlı idman mübarizəsinin şahidi oldular. Bu turdan sonra Formula-1 Azərbaycan Qran-Prisinin start düzülüşü müəyyənləşdi.

    Formula-1 Azərbaycan Qran-Prisinin qalibi “Red Bull Racing” komandasının üzvü Daniel Rikkiardo oldu. Pilot məsafəni 2 saat 3 dəqiqə 55 saniyəyə qət etdi. İkinci yerə “Mercedes” komandasının üzvü Valtteri Bottas çıxdı. Üçüncü yerdə isə “Williams” komandasının pilotu kanadalı Lans Strol qərarlaşdı. Konstruktorlar kubokunun sahibi isə “Red Bull Racing” komandası oldu.

    Qalibin şərəfinə Avstriyanın və Avstraliyanın dövlət himnləri səsləndirildi.

    Sonra qaliblərə mükafatlar təqdim olundu.

    Formula-1 Azərbaycan Qran-Prisinin çempionu Daniel Rikkiardoya kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim etdi.

    Konstruktorlar kubokunu “Red Bull Racing” komandasının nümayəndəsinə birinci xanım Mehriban Əliyeva təqdim etdi.

    İkinci yerin sahibi “Mercedes”in pilotu Valtteri Bottasa kuboku Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan “Williams”ın sürücüsü Lans Strola isə mükafatı Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim etdilər.

    Bununla da Formula-1 üzrə dünya çempionatının səkkizinci mərhələsi - Azərbaycan Qran-Prisi başa çatdı.

    Qeyd edək ki, Formula-1 Azərbaycan Qran-Prisi dünyada böyük maraq toplayıb. Almaniyalı Herman Tilke tərəfindən layihələndirilən şəhər trası nadirliyi ilə seçilir. Ona görə ki, Monte-Karlo, Melburn, Monako və Sinqapur kimi Azərbaycan Qran-Prisi də şəhər trasına ev sahibliyi edir. Belə ki, Bakıda keçirilən yarış zamanı avtomobillər Dənizkənarı Bulvar boyunca və şəhərin ən qədim hissəsi olan, UNESCO-nun dünya irsi siyahısına daxil edilən İçərişəhər Tarix-Memarlıq Qoruğunun ətrafında dövr edirlər. Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar Azərbaycan paytaxtının tam simasını görmək imkanı qazanırlar.

    Beləliklə, bu il keçirilən səkkiz Qran-Prinin üçündə qalib gələn “Ferrari”nin almaniyalı pilotu Sebastian Vettel 153 xalla çempionata liderlik edir. “Mercedes”in britaniyalı pilotu Luis Hamilton 139 xalla ikinci, onun komanda yoldaşı, finlandiyalı Valtteri Bottas isə 111 xalla üçüncü sırada qərarlaşıblar. Bakı Qran-Prisinin qalibi, “Red Bull Racing” komandasının avstriyalı pilotu David Rikkiardo isə 92 xalla dördüncü sıradadır.

    Formula-1 birnəfərlik, açıq təkərli avtomobil yarışları üzrə dünya çempionatıdır. Bu yarışlar 1950-ci ildən etibarən müntəzəm olaraq keçirilir. Qeyri-rəsmi olaraq, Formula-1 sürücüləri pilot, avtomobillər isə bolid adlandırılır. Formula-1 yarışları Beynəlxalq Avtomobil Federasiyasının müəyyən etdiyi qaydalara əsasən təşkil olunur. Yarışlar il ərzində müxtəlif ölkələrdə keçirilən mərhələlərdən ibarət olur. Hər mərhələyə Qran-Pri adı verilir. İlin sonunda bütün Qran-prilərdən toplanan xalların əsasında pilotlar və komandalar arasında qalib müəyyənləşdirilir və mükafatlandırılır. Formula-1 yarışları dünyada ən çox tamaşaçı auditoriyasına sahib yarışlardan biridir. 1950-ci ildə keçirilən ilk yarışda kuboku “Alfa Romeo” komandası və onun italiyalı pilotu Cüzeppe Farina qazanıb. Ən çox çempion adına “Ferrari” komandasının əfsanəvi alman pilotu Mixail Şumaxer sahib olub. O, Formula-1 yarışlarında yeddi dəfə çempion olub. (azertag.az)

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0