Xəbər Lenti

    Qurban Qurbanovlu millimizdən nə gözləyirsiniz? - GENİŞ SORĞU

    FutbolTarix: 2017-11-13 12:00:00
    ...

    Milli komandamızın “sükanı arxası”na Qurban Qurbanovun keçməsi ölkə futbol ictimaiyyətinə yeni “yem” verdi. Əksəriyyət “Qarabağ”ın baş məşqçisinə xilaskar gözü ilə baxır. AFFA prezidenti Rövnəq Abdullayev Qurbanovun təqdimatına həsr olunan brifinqdə bütün yaşlar üzrə milli komandalara məhz Qurbanovun nəzarət edəcəyini bildirdi. Bəs, idman mediası bu təyinat barədə nə düşünür? Sport24.az KİV təmsilçilərinə iki sualla müraciət etdi:

    1. Qurban Qurbanovun baş məşqçisi oduğu milli komandamızdan nə gözləyirsiniz?
    2. Bu mütəxəssisin bütün yaş qruplarından ibarət yığmalara nəzarət etməsinin hansı müsbət və mənfi cəhətləri ola bilər?

     

    Mahir Rüstəmli (“Futbol+”)


    1. Bütün futbolsevərlər kimi, mən də yığmanın ən azı son seçmə tsikldəkindən daha yaxşı oyun və nəticə göstərəcəyinə inanıram. Düzünə qalsa, Qurban bəyin komandanın oyun üslubunda müəyyən dəyişikliklər edəcəyini də gözləyirəm. Milli komanda səviyyəli rəqiblərlə oyunlarda müdafiə olunmaqla kifayətlənməməli, hücum taktikası seçməlidi. Söhbət konkret hədəfdən gedirsə, Qurban bəyin yığmasının Millətlər Liqasından AÇ-2020-yə vəsiqə uğrunda son ana qədər mübarizə aparacağına ümid edirəm. 
    2. Qurbanovun “Qarabağ”ın “sükanı arxası”nda qalacağını da nəzərə alsaq, bu, çox çətin olacaq. Müsbət cəhəti odu ki, yığmalar arasında varislik ənənələri formalaşacaq, çox güman, hamısı eyni üslubda oynayacaq. Mənfi cəhəti isə odu ki, aşağı yaş qrupu üzrə yığmaların çalışdırıcılarında özünəinam hissi zəifləyəcək, yeri gələndə mümkün uğursuzluq halında Qurban bəyi nişan verəcəklər.

     

    Vüqar Zeynalov (Azerisport.com)


    1. Çətin olacaq. Qurban Qurbanovun nəticələrini görmək üçün ona uzun vaxt vermək lazımdı.
    2. Müsbət tərəf onu saymaq olar ki, Qurbanov bütün yaş qruplarına özü fikir verəcək, inandığı məşqçiləri təyin edəcək və mənfi nəticələr olanda, o da cavab verməlidi. Amma bütün bu işləri çatdırmaq üçün o, gərək “Qarabağ”dan getsin. Çünki bunları çatdırmaq mümkün deyil. Müsbət və mənfilər haqqında gələn ilin sonunda danışmaq olar. 

     

    Aydın Bağırov (Qol.az)


    1. Bu təyinatdan gözləntim pozitivdi. Hər halda, hesab edirəm ki, Qurban müəllimin rəhbərliyi altında millidə müsbətə doğru dəyişikliklər olacaq. Ancaq bu qısa zamanda hər hansı inqilabi dəyişikliklər gözləmirəm. Bu, diletant yanaşma olar. Qurban müəllim üçün çox böyük vaxt lazımdı. Əgər biz gözləsək ki, onun gəlişindən sonra deyək ki, AVRO-2020-nin qrupuna düşəcəyik, mən bu şansımızı 50-nin 50-yə kimi dəyərləndirirəm. Ancaq müəyyən bir mərhələlər keçəndən sonra əlbəttə ki, milli komandalarda inkişaf olacaq. Ancaq bu, mərhələ-mərhələ olacaq və ən başlıcası, bu məsələdədə ilk növbədə AFFA-nın rəhbərliyi Qurban müəllimə dəstək olmalıdı, ona istədiyi şəraiti yaratmalıdı və işinə heç bir halda müdaxilə etməməlidi. Bu, olarsa, hesab edirəm ki, tərəflər arasında çox ciddi bir fikir ayrılığı yaranacaq. Hər halda, Qurban müəllim işinə müdaxiləni xoşlamır. 
    2.    Aşağı yaş qruplarından ibarət yığmaların da Qurbanovun nəzarətinə verilməsi normaldı. Ümumiyyətlə, əsas yığmanın baş məşqçiləri bütün milli komandalara nəzarət edir və burda qeyri-adi bir şey yoxdu. Bu mənada nəzarətin Qurban müəllimdə olmasında məni ən çox sevindirən də məqam da budur. Bu gün bizə futbolumuzu təməldən, aşağı yaş qruplarından düzəltmək lazımdı. Qurbanovun bu işə nəzarət etməsi çox müsbətdi. İnanıram ki, Qurban müəllim indiyədək milliyə olan yersiz müdaxilələrin, səviyyəsi olmayan legioner futbolçuların yığma komandalara gətirilməsinin qarşısını alacaq. Daha çox öz futbolçularımızın, paytaxtda, Azərbaycanın bölgələrində olan istedadlı yeniyetmə futbolçuların axtarışına başlanılacaq. Bu sahədə ciddi işlər görüləcək və müsbət nəticəsini bir neçə ildən sonra artıq hiss etməyə başlayacağıq.   

     

    Vüsal Mahmudov (Futbolinfo.az)


    1. Qurban Qurbanovu indidən "yükləməyək". Potensial bəllidi və o, gələn kimi inqilab edə bilməz. Öncə problemləri yoluna qoymalı, sonra komanda quruculuğuna başlamalıdı. Zamanla hər şey əvvəlkindən daha yaxşı olacaq. Ən azı millinin oyunundan zövq alacağıq, əvvəlki kimi matçlara ürəyimizi tuta-tuta baxmayacağıq.

    2. Digər yaş qruplarına nəzarət etməyin ancaq faydası olacaq. Eyni oyun fəsəfəsiylə oynamaq ümumi işin xeyrinə olacaq. Burada hansısa mənfi məqam görmürəm.

     

    Elçin Cəlilov (Futbolpress.az)

    1. Qurban Qurbanovun Azərbaycan milli komandasının baş məşqçisi seçilməyi tam məntiqəuyğun hadisədir. Əvvəla, ona görə ki, geridə qalan 9 ilə yaxın bir zamanda millini əcnəbi mütəxəssisin çalışdırmasının maksimumunu gördük. Bundan sonra belə bədxərclik eləməyə gərək yoxdur. Qurbanov komanda qurmaq bacarığı, intizamlı rejimi ilə göstərdi ki, bu iş ona tapşırılmalıdı.Əsas gözləntim odur ki, yığmaya ən yaxşılar və ən hazırlıqlılar seçiləcək. Seçim dəqiq prinsiplərə əsaslanacaq. Hansısa tapşırığa əhəmyyət verilməyəcək və hətta inanmıram ki, Qurbanova belə bir şey təklif edilsin. Hər kəsə edilən davranış onu özünü necə aparmasından asılıdı. Qurbanov xaraktercə elə biridir ki, sıradan kənara nələrdəsə onunla işbirliyi qurmaq mümkün olmaz. Bu sistem alınsa, onda nəticə də  bir gün tez, bir gün gec, mütləq gələcək. Dəqiq əminəm ki, onun baş məşqçiliyi ilə milli tarixin ən yaxşı nəticəsini qazanacaq. 

    2. Millinin baş məşqçisinin eyni zamanda bütün yaş qrupları üzrə yığmalara nəzarət eləməsi məsələsi isə son illər AFFA-nın verdiyi ən yaxşı qərardır. Fikrimcə, Qurbanovun bu missiyanı üzərinə götürüb, idarə eləməyə enerjisi çatacaq. Ancaq bunun üçün hələ elə də qısa olmayan bir zaman kəsiyi lazım olacaq. O, öz komandasını formalaşdırmaqçün, təbii ki, xeyli götür-qoy edəcək, şəraitə, duruma uyğun hərəkət edəcək və s. İşin mənfi cəhəti isə, məncə, ya "Qarabağ"a, ya da yeni vəzifsində intensivliyə təsir etməyi olacaq. Həm klub, həm yığma, həm bütün yaş qruplarına nəzarət - fantastik rejim tələb edir. Bunu düşünmək lazımdır. Bu istiqamətdə hansısa addımlar atmaq lazımdı.

     

    Rəşad Ergün (Komanda.az)


    1. Qurban Qurbanovun Berti Foqtsdan və Robert Prosineçkidən daha yaxşı işləyəcəyinə, daha yaxşı nəticələr qazanacağına inanıram. Bu, mütləq belə olacaq. Qurbanov həm də "Qarabağ"ın baş məşqçisidi və bu klubun üzvlərinin çoxu millidə forma geyinir. "Qarabağ"ın oyun tərzini milliyə daşımaq Qurbanov üçün çox da çətin olmayacaq. AVRO-2020-yə qatılmaq üçün Millətlər Liqası adlı "dəhliz"in olması da Qurbanovlu milli üçün göydəndüşmə fürsətdi.

    2. Qurban Qurbanovun aşağı yaş qrupu üzrə milli komandalara nəzarət etməsi isə böyük ölçüdə nəyisə dəyişməyəcək. Almaniyaya biabırçı hesabla uduzan U-21 millisinin üzvlərinə bundan sonra futbol oynamağı öyrətmək lazımdı? Ya Qurban Qurbanov müxtəlif klubların, komandaların uşaq komandalarına məşq keçəcək, onlar üçün futbolçu hazırlayacaq? Əsas millinin baş məşqçisinə hazır "material" təqdim olunmalıdı, o da həmin "material"dan istifadə etməlidi. Pis istifadə etsə, bu, artıq başqa mövzunun söhbətidi. Biz isə Qurban Qurbanovdan işini-gücünü atıb futbolçu yetişdirməyi tələb edirik deyəsən. Özü də bunu iki ağır vəzifədə - millidə və "Qarabağ"da baş məşqçi olan birindən tələb edirik. Qurban Qurbanov millinin oyun üslübunu dəyişəcək, daha inamlı komanda görəcəyik. Amma Qurban Qurbanov uzun illərdi əsl futbolçu yetişdirmək əvəzinə yarımhəvəskar oyunçular yetişdirən klubların, müxtəlif komandaların, məşqçilərin işini görməyəcək, görməsi də mümkün deyil.

     

    Əli Sahib (Fanat.az)


    1.Təbii ki, hamı kimi mən də uğur gözləyirəm. Amma uğurdan öncə görüləcək işlər var ki, Qurbanovun bunların da öhdəsindən gələcəyinə inanıram. Öncə, illər boyu uğursuz futbol siyasəti nəticəsində virusa yoluxmuş millini sözün əsl mənasında milliləşdirmək lazımdı. Futbolçular dərk etməlidi ki, yığma komanda üçün "premiya"ya görə can qoymaq lazım deyil, heç-heçələrə görə yüzminlərlə mükafatları unutmalıdırlar. Hədəflər uğrunda yumruğu bir yerə vuracaq komanda formalaşmalıdı. Sadalamadığım bir çox məqamlar üçün Qurban bəyə vaxt lazım olacaq. Bunların hamısının qısa zamanda düzəlməsi mümkün deyil. Milli komanda klub kimi deyil. Klubda seçim imkanları böyükdür, amma milli üçün bəlli bir çərçivə var. Vaxt və səbr lazımdı. Həmişə ümidsiz olaraq foqtslara, prosineçkilərə görə səbr etmişiksə, bu dəfə  inandığımız Qurban Qurbanova görə səbr etməli və dəstək olmaliyiq. Çünki bu yolun sonunda uğur var. İlk dəfədir ki, futbol içtimaiyyəti, media, azarkeşlər bir ada inanır - Qurban.
    2. Bütün yaş qrupları üzrə milliyə nəzarətin Qurbanovun səlahiyyətində olması təbii ki, gələcəyə hesablanmış addımdı. Son zamanlar aşağı yaş qrupunda olan millilərdə işlərin rəvan olmaması göz  önündədir. Bunun da çıxış yolu vahid sistemin olmasıdır. Foqtslara, prosineçkilərə millinin gələcəyi yox, bu günü lazım idi. Ortada nə nəticə vardı, nə də tələb. Sanki gözükölgəli idilər. Qurban bəy Azərbaycan futbolunun içində olan adam kimi problemin kökünün nədən ibarət olduğunu bilir və bu yöndə çalışacaq. Bizə isə ona inanmaq və dəstək olmaq qalır.

     

    Emin Abbasov (Sportal.az)

    1. Qurban Qurbanovun baş məşqçisi olduğu millidən ilk növbədə hansısa sistemə dayanıqlı futbol gözləyirəm. Bunu uzun illərdi “Qarabağ”da görürük. Nəticələrdən asılı olmayaraq komandanın bir üslubu, oyun fəlsəfəsi var və ona sadiq qalır. Mən əminəm ki, Qurban bəy millidə də hansısa oyun üslubunu “otuzduracaq”. Bilirsiniz ki, “Qarabağ”ın əksər üzvləri milli komandanın oyunçularıdı. Bu baxımdan Qurbanovun tələblərini həyata keçirmək onlar üçün çətin olmayacaq. Bir-birlərinə tanış adamlardı. Ümumiyyətlə, belə baxanda milli komandada hamı Qurban Qurbanovu yaxşı tanıyır. O da milli futbolçularının potensialını yaxşı bilir, onlara yaxşı bələddi. Nəticəyə gəlincə, bilirsiniz, Qurban bəyə bu gün desək ki, Almaniya və ya başqa böyük yığmalarla eyni səviyyədə çıxış edək, bu, yəqin ki, absurd bir şey olar. Ancaq mənə elə gəlir ki, ən azından Norveç, Çexiya, bu tip ikinci, üçüncü dərəcəli yığmalarla başabaş oynaya bilərik. Məqsəd nə olmalıdı? İlk növbədə Millətlər Liqasında görək nə edə bilirik. Orda da yəqin ki, püşk və sonrakı gedişlərdən çox şey asılı olacaq. Ancaq istənilən halda, əminəm ki, Qurban Qurbanovun işi ondan əvvəlki həmkarlarından – Berti Foqts və Robert Prosineçkidən pis olmayacaq, daha yaxşı olacaq. Buna inanıram, hətta əminəm. Çünki Qurban Qurbanova bələdəm. 

    2.    Təbii ki, ümumi nəzarətdə müsbət cəhətlər çoxdu. Çünki Qurban Qurbanovun ən azı futbolu necə bilməsi, futbolda tək məşqçi yox, həm də idarəçilik qabiliyyətinin hansı səviyyədə olmasının “Qarabağ”dan görürük. O, bu klubda yalnız baş məşqçi deyil, həm də bir idarəçidi. Bir növ İngiltərə sistemini “Qarabağ”da “otuzdurublar”. Yəni menecerdi bu adam. Onun bütün yaş qruplarından ibarət yığmalara nəzarət etməsi yaxşıdı. Ümumiyyətlə, aşağı yaş qrupunda əsas məqsəd əsas yığmaya oyunçu hazırlamaqdı. Təbii ki, bunun sistemini təməldən Qurban Qurbanov qoysa, daha yaxşıdı. Nə görmək istəyirsə millidə, futbolçuları da o tərzdə hazırlayacaqlar. Mənfi cəhət görmürəm. Burda yalnız müsbət var ki, mənfi ola bilməz. Burda məncə, elə bir problem yoxdu. Mən bu nəzarətdə müsbət şeyləri görürəm. Mənfi bu ola bilər ki, nəsə alınmaya bilər. Bu, təbiidi. Qurban bəyin əlində sehirli çubuq yoxdur ki, 1 günə hər şeyi düzəltsin, vəziyyəti dəyişsin. Buna zaman tələb olunur. Ona görə də müqavilə 6 illik imzalanıb. Bu gün hamı bilir ki, U-17, U-19, U-21 yığmamız hansı durumdadı. Mən başqalarını demirəm, hər kəs gələndə beş il vaxt istəyir. Qurban Qurbanov kimi adama 6-7 il kifayət edər ki, bu sistemli işi həyata keçirsin. Deyək ki, 10 yaşlı uşaqların 17 yaşı olanda artıq 6-7 ildən sonra normal nəticə gözləyək. Normal nəticə deyəndə də, pis çıxmasın, insanlar böyük həvəsə düşür. Mən inanmıram ki, Azərbaycan futbolu nə vaxtsa Almaniya, İspaniya, İtaliya, İngiltərə səviyyəsinə çıxa. Bizim özümüzün bəlli bir yerimiz, imkanlarımız var. O imkanların maksimumuna gəlib çıxa bilərik. Məsələn, artıq dünya və Avropa çempionatlarının final mərhələsinə çıxmaqdı, orda heç olmasa bir yerə qədər adlamaqdı. İnşallah, bunlara nail olarıq.   

    Rüstəm Piriyev (Extratime.az)

    1. Qurban Qurbanovlu yığmadan daha inamlı və uğurlu çıxış gözləyirəm. Bu məşqçi “Qarabag”dakı fəaliyyəti ilə yerli oyunçularla necə işləmək lazım oldugunu göstərib, məhz onun rəhbərliyi altında Qara Qarayev, Maksim Medvedev, Mahir Mədətov nəinki öz mövqelərində, vacib məqamda digər mövqelərdə oynamağı oyrəndilər. Bundan əlavə, Bədavi Hüseynov tam başqa səviyyəyə qalxdı, adi və primitiv oyun tərzinə malik oyunçudan müdafiənin əsas oyunçusuna, dirəyinə çevrildi. Buna görə də mən Azərbaycam milli komandasından daha baxımlı, əzmkar ve uğurlu oyun gözləyirəm.

    2. Əvvəlcədən demişəm ki, Qurban Qurbanovun eyni anda 2 komandada baş məşqçi olması nə onun, nə də komandaların xeyrinə olacaq. Hamımız bilirik ki, həm yığma, həm də “Qarabağ”da işi çoxdu ve bu işlər yüksək konsentrasiya və vaxt tələb edir. Buna görə də Qurban müəllimə həddindən artıq çətin olacaq. Digər yığmalara gəlincə, təbii ki, Qurbanovun yenilənmiş, daha da güclənmiş köməkçilər qrupu olacaq. İnanmıram ki, o, yalnız hazırkı köməkçilərlə kifayətlənəcək, ən azı daha 2-3 yeni məşqçi cəlb edəcək. Heş şübhəm yoxdur ki, yeni ildən yığmalardakı məşqçilər dəyişəcək, komandalara yeni nəfəs, yeni ideyalar verə biləcək mütəxəssislər cəlb olunacaq. Odur ki, dəyişiklərə hazır olmalıyıq və məncə, bu müsbət amildi. Mənfi cəhət isə yuxarıda qeyd etdiyim kimi, Qurban Qurbanovun vaxtının və köməkçi qüvvənin az, tələb və hədəflərin isə çox olmasıdı. 

     

    Teymur Maqsudov (Sportbox.az)


    1. Qurban Qurbanov yığmamıza baş məşqçi təyin olunması elə dövrə düşüb ki, milli tarıxində ilk dəfə Avropa cempionatının final mərhələsinə düşə bilər. Əslində, Qurban Qurbanov olmasaydı belə, bu seçmə mərhələdə bir məqsəd ola bilər – Avropa cempionatının final mərhələsi. Bir az ironik səslənsə də, Robert Prosineçkinin ən böyük qazancı o oldu ki, millimiz Millətlər liqasının D divizionuna düşdü. Və əgər biz D diviziondan da Avropa cempionatına düşə bilməsək, çətin ki bu arzumuz nə vaxtsa realaşsın. Digər tərəfdən iki-üç yığmanı çıxmaq şərti ilə, D divizionda olan yığmalar təxminən bərabər səviyyədədi. Və hər biri üçün bu, böyük bir şans olacaq. Elə hesab edirəm ki, Qurban Qurbanovdan yaxşı namizəd ola da bilməzdi. Ölkə fulbolunu Qurbanovdan yaxşı çətin kimsə tanısın. Yığmaya baş məşqçi seçimi nə qədər çətin olsada, bu  dəfə bir o qədər də sadə idi. Təbii ki, Qurbanov 2 və ya 4 il əvvəl də təyin oluna bilərdi. Amma mən o fikirlə razı deyiləm ki, bu, gecikmiş qərar idi. Qurban Qurbnovun Çempionlar Liqasinda 4 oyuna qazandığı təcrubə bəlkə də Avroliqanın 3 mövsümündən də önəmlidi. Mənım üçün bir balaca intriqa ondan ibarətdir ki, Qurban Qurbanov Dmitri Nazarov, Dəniz Yılmaz, Renat Dadaşov kimi oyunçularla necə münasibət quracaq. Nazarov yığmamız üçün nə qədər önəmli oyunçu olsa da, hami onun xasiyyətinə bələddi. Prosineçkinin düvründə də yığmamız oyunların çoxusunda qorxaq, pis oyun göstərmirdi. Qurban Qurbanovun dövründə yığmamızın daha da məzmunlu oyun göstərməsini gözləyirəm. 


    2. Ümumi nəzarət bir şərt idi. Bu, aydın məsələdi. Qurbanov özu bunu bildirməsə də, əslində, məncə, bu, müsbət addımdı. Bütün yığmalarımız vahid bir sistemlə işləməlidirlər. Dünyada hətta elə olur ki, bütün yığmalar bir taktiki sxemlə oynayır. Qurban Qurbanov tərəfindən nəzarət olunmasi da pozitiv addımdı. Bütun yaş qruplarından ibarət yıgmalara kimlər təyin olunacaq? Sirr deyil ki, Azərbaycanda məşqçi qıtlığı var. Fakt, Premyer Liqamızda yarışan klublara da güclü məşqçi tapılmır. Bütun yaş qruplarından ibarət yıgmaları da illərlə eyni məşqçilər çalışdırır. Ən azınnan yığmalara yeni nəfəs gələcək. Bu, artiq sevindirir. Builki U-17, U-19 və U-21-nin nəticələrdən çətin ki, pisi ola bilər. Amma hansısa mütəxəssis özünü doğrutmasa, Qurbanov üçün bu, çox ağır yük ola bilər. Lakin yenə də bu futbolumuz üçün bir yenilikdi ve mən pozitiv dəyişiklikləri gözləyirəm.

     

    Şəmsəddin Abbasov (CBC Sport)

    1. Qurban Qurbanovun təyinatını gözləyirdim. Və hesab edirəm ki, bundan yaxşı olmasa da, bundan pis nəticələri onun çalışdırdığı dönəmdə görməyəcəyik. Yəni əcnəbi məşqçilərin Foqts və Prosineçkinin seçmə mərhələlərdə qazandıqları 9 və 10 xalı ən azından toplayacağıq. Amma inanıram ki, Qurban Qurbanov bundan artığına nail ola biləcək. İnsan daim qarşısına yüksək hədəflər qoyur və bu hədəflərə çatmaq üçün gecə-gündüz çalışır. Nəticə, belə olan halda, özünü çox gözlətmir və "Qarabağ"ın simasında biz bunun şahidi olduq. İnanıram ki, milli komandada eyni tendensiyaya şahidlik edəcəyik. Sadəcə, narahat edən məqam həm klubda, həm də millidə işləri icra etməsidir. Amma unutmayaq ki, millinin əsas heyətinin böyük hissəsi məhz "Qarabağ"ı təmsil edir. Bu da Qurbanovun işini asanlaşdırmalıdır.

    2. Hələ nə isə söyləmək çox çətindi. Bilmək lazımdır bu nəzarət necə və kimlər tərəfindən həyata keçiriləcək. Ancaq məşqçinin gənclərə diqqət yetirib, nəzarət etmək istəməsi yalnız alqışlana bilər. Buna qədər əsas millinin məşqçiləri heç Premyer Liqada çıxış edən futbolçulara belə nəzarət etmək istəyində olmayıblar, indi isə insan hər şeydən xəbərdar olmaq istəyir. Deməli, işinə daha məsuliyyətli və daha ciddi yanaşır.

     

    Rəşad Rafiqoğlu (İdman Azərbaycan)

    1. Əslində, ilk vaxtlarda möcuzə gözləmək düzgün olmaz. Hər şeyə real yanasmaq lazımdı. Etiraf edək ki, futbolumuzun səviyyəsi, futbolçuların ustalıq səviyyəsi çox asağıdı. Ancaq bir məsələ də var ki, biz əlimizdə olan materiallardan düzgün istifadə etməliyik. Əgər Qurban Qurbanova dogrudan da müstəsna səlahiyyətlər verilibsə və onun işinə heç kim qarışmayacaqsa, fikrimcə, tədricən normal bir milli komanda formalaşdıra bilər, ancaq yenə də deyirəm, bu, birdən-birə olmayacaq. Ola bilsin ki, ilk nəticələr də yaxşı olmayacaq, ancaq işlər düzgün qurulsa, tədricən müəyyən nəticələr əldə edə bilərik. Heç olmasa daha Foqts və Prosineçkinin vaxtında olduğu kimi, mənasız eksperimentləri görməyəcəyik.

    2. Qurbanova bu səlahiyyətlərin verilməsi əlbəttə, çox yaxşıdı, cünki bütün inkişaf etmiş ölkələrdə bu sistem var. Belə olsa, hec kimə lazım olmayan legionelərin də milliyə yolu kəsiləcək. Ən azından Qurban Qurbanov bütün yaş qruplarına özü nəzarət etməklə vahid bir sistem yarada bilər. Ancaq bir şey də var ki, bu məsələ bir az əhatəlidi. Yeni futbolçular klublarda hazırlanır. Ona görə də klublarda işlər düzgün qırılmalıdı. 

     

    Sənan Şəfizadə (ATV)


    1. Qurban Qurbanovun rəhbərlik etdiyi millidən gözləntimiz çoxdu. Onun təyinatı sanki azarkeşlərə inamı qaytardı. Səbirsizliklə ilk oyunu, hazırlığa dəvət olunacaq futbolçuların ilk siyahısını gözləyirəm. Möcüzə deyil, daha yaxşı oyun görəcəyimə ümidliyəm. Unutmayaq ki, bu gün millidə rəqabət yoxdu. Kifayət qədər yüksək səviyyəli futbolçu olmadıqda nəticə vermək çətindi. Fikrimcə, ilk öncə ona zaman vermək lazımdır.  Qurbanov millinin tarixində ən yaxşı baş məşqçi olacağına inam böyükdü. Azarkeşlər istəyir ki, milli "Qarabağ" kimi oynasın. Qurban bəy bu işi bacaracaq gücdədi.

    2. Əsas millinin baş məşqçisi bütün komandalara cavabdehdisə, o seçim etməlidi. Səhv etmirəmsə, indiyə qədər bu hal yaşanmayıb. Həmişə federasiya təyin edib. Ona görə bu dəfə əsas komandanın baş məşqçisinə etibar olunsa, yaxşı olar. Müsbət tərəf odur ki, komandalar arasında əlaqə güclü olacaq. Hamısı eyni sistemlə hazırlaşacaq. Piramida sistemində olduğu kimi, bütün məşqçilər və komandalar milli üçün çalışacaq.

     

    Tural Dadaşov (İTV)


    1. Açığı, hələ təyinatdan çox əvvəl bu məsələdə tam əks fikirli 2 cəbhə yaranmışdı. Qurbanovun yığmanın baş məşqçi postu tutmasının tərəfdarıyam. Düşünürəm ki, Qurbanov özü bu illər ərzində hər şeyi götür-qoy edib və razılığını veribsə, deməli, bütün gedişlər hesablanıb.  Elə bu nüans bütün sualların cavabıdı. Millinin Qurbanovun başçılığı altında daha yaxşı nəticələr qazanacağına inanıram. 

    2. Sözsüz ki, Qurbanovla işbirliyində yaxın hədəf AVRO-2020 olsa da, əsas məqsəd güclü komandanın yaradılmasıdı. Uzunmüddətli inkişaf konsepsiyasında Qurbanovun bu qərarı tam olaraq yerindədi. Çünki aşağı yaş qruplarında yol verilən səhvlər, düzgün aparılmayan iş əsas komandada öz əksini tapacaq. Əslində, bu halda baş məşqçinin üzərindəki məsuliyyəti daha da artırır. Qurban müəllim buna hazır olmasaydı , belə bir tələbi də olmazdı. 

     

    MEHMAN SÜLEYMANOV

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0