"Çox maraqlı çempionat idi. Fərqli oyun stilinə malik rəqiblərlə üz-üzə gəldik.  Mən həm U19-un baş məşqçisi, həm də Akademiyanın koordinatoru idim. Bir növ spesifik iş oldu. Çempionluq uzunmüddətli çalışqanlığın nəticəsi olaraq gəlir. Xoşbəxtik ki, komandadakı bir çox oyunçu akademiyadan gəlir, bütün bunlarda yaxşı skaut sisteminin rolu var". Bu sözləri Sport24.az-a açıqlamasında U-19 Liqasında çempionluğu bayram edən "Sabah"ın U-19 komandasının baş məşqçii Adino Mustedanaqiç deyib.

 

Xorvat mütəxəssis əsas hədəflərinin əsas komandaya futbolçu hazırlamaq olduğunu da qeyd edib: "U-19 liqasını qazanmaq və akademiyanın bu günkü durumunu nəzərə alsaq, ortamüddətli hədəflərimizə çatmışıq. Hansı ki, 4 il əvvəl bunun üçün işə başlamışdıq. Artıq klub müəyyən bir nöqtəyə gəlib. Hədəflərimizi yeniləyə bilərik. Hansı ki bizi uzunmüddətli hədəflərimizə daha da yaxınlaşdıra bilər. Təbii ki, uzunmüddətli hədəf dedikdə, Aaademiyanın səviyyəsini ən yüksək zirvəyə çatdırmağı və əsas komandaya futbolçular qazandırmağı nəzərdə tuturam".

 


41 yaşlı mütəxəssis saytımıza açıqlamasında UEFA Gənclər Liqasında debütlərinə də toxunub: "UEFA Gənclər Liqasının olmağı AFFA Gənclər Liqasına əlavə intriqa qatır, buna görə hamı çempionatda qalib olmağı qarşısına məqsəd qoyur. Hər klub Avropada çıxış etməyi arzulayır. Azərbaycanı mümkün olan ən yaxşı şəkildə təmsil etməkdən qürur duyacağıq və buna hazır olduğumuzu düşünürəm. Təbii ki, məsuliyyətimizi də anlayırıq. Amma hadisələrə real yanaşmaq lazımdı. Bəzi oyunçularımız üçün bu Avropada oynamaq baxımından ilk təcrübə olacaq. Onlardan əsas  istəyimiz potensiallarını ortaya qoymaqları və dediyim kimi, Azərbaycanı mümkün olan ən yaxşı şəkildə təmsil etməkdi".



ABDULLA İSMAYILOĞLU