"Təbii ki, "Qaradağ Lökbatan"la oyunda qələbə qazansaydıq daha yaxşı olardı. Çempionluq şansımız daha çox olacaqdı. Amma meydandan 1 xalla ayrıldıq". Bu sözləri Sport24.az-a açıqlamasında MOİK-in baş məşqçisi Qəzənfər Abbasov bildirib.

 

Dünən I Liqada XXIII turun oyunlarına start verilib. Lökbatanda keçirilən matçda çempionluğa iddialı iki komanda qarşılaşıb. "Qaradağ Lökbatan" MOİK-i qonaq edib. Hər iki kollektiv çox çalışsa da, görüşdə qalib müəyyənləşməyib və oyun 1:1 hesabı ilə başa çatıb. Heç şübhəsiz ki, bu "sülh" qonaqlardan çox meydan sahiblərinin işinə yarayıb. Qəsəbə təmsilçisi hazırda turnir cədvəlinin ilk pilləsindədi və ən yaxın izləyicisi "İmişli"nin 3 xal qabaqlayır. Ordu klubunun "qızıl" arzusu isə turdan-tura "əriyir". 

 

Abbasov isə saytımıza açıqlamasında təslim olmadıqlarını, rəqiblərinin qarşıdakı turlarda xal itirəcəyinə inandığını bildirib: "Hələ də çempionluq şansımızı saxlayırıq. İrəlidəki 4 turda çalışıb-vuruşub 12 xalı qazanmalıyıq. Başqa çıxış yolumuz yoxdu. Həmçinin çempionluq uğrunda mübarizədə əsas rəqiblərimizi də ağır oyunları var. Onların da büdrəməsi xeyrimizə olacaq, bizə yol açacaq. Amma öncə maksimum nəticə əldə etməliyik".

 

Qeyd edək ki, aktivində 42 xal olan ordu klubu XXIII turdan sonra 4-cüdü.

ABDULLA İSMAYILOĞLU