Xəbər Lenti

    Xal gətirməyən "üfüqdə görünən işıq"

    FutbolTarix: 2017-09-25 15:56:00
    ...

    Dünən Topaz Premyer Liqasının VI turuna Qəbələdə yekun vuruldu. Görüş iştirakçıları turnir cədvəlinin müxtəlif qütblərində qərarlaşsalar da, matçda aşkar favorit göstərmək çətin idi. Səbəb təzadlı səslənsə də, fakt budu ki, Tərlan Əhəmdəovun “Neftçi”yə gətirdiyi enerji və motivasiya “ağ-qaralar”a inamı qaytarıbsa, Roman Qriqorçukun rəhbərlik etdiyi “Qəbələ” xallar toplasa da, ötənmövsümkünün kölgəsini xatırladır. “Qırmızı-qaralar”a üstünlük qazandıran yeganə məqam isə “Neftçi”nin cari mövsüm qələbə üzünə həsrət qalması idi. 

    Meydan sahiblərinin start heyətində ciddi rotasiyalar yox idi. Yalnız Endi Hallideyin ilk “11-lik”də Dion Maloneni əvəzləməsi diqqətçəkən məqamlardan idi. Bura nadir hallarda start heyətində meydana çıxan gördüyümüz Asif Məmmədovun da sağ vinger mövqeyində çıxış etməsini əlavə etmək yerinə düşər. Oyunun gedişatında isə Baqali Dabo ilə Stiven Monroz sol vinger və mərkəz hücumçusu mövqelərində yerdəyişmələr edirdilər.

    Qonaqlara gəlincə, Tərlan Əhmədov tək hücumçuyla oyuna üstünlük vermişdi: Daniel Seqoviyanı ehtiyatda saxlayan mütəxəssis döyüşə Uqo Barqası atmışdı. Cinah yarımmüdafiəçisi mövqeyində İqnasio Herreyraya şans verən Əhmədov, əks qanadda Namik Ələsgərova güvənmişdi. Müdafiə xəttində təcrübəli Məhəmməd Mirzəbəyova yox, Anton Krivotsyuka güvənən Əhmədov debütdəcə bunun acısını çəkdi.

    Fariz Yusifovun səsləndirdiyi start fitindən cəmi 5 dəqiqə sonra qonaqlar mərkəzə dəvət olundular. Anton Krivotsyukun sadə epizodda buraxdığı kobud səhv qolun qeydə alınması ilə nəticələndi. Topu ondan “oğurlayan” Asif Məmmədov irəli şığıyan Cavid Hüseynovu topla təchiz etdi və kapitanın Ruslan Abışovdan sıyrılaraq, Monroza ötürməsindən sonra boş qapını nişan almaq çətinlik törətmədi.

    Qoldan cəmi 2 dəqiqə sonra “Neftçi” künc zərbəsindən sonra hesabı bərabərləşdirməyə yaxın oldu. Lakin Kiril Petrovun baş zərbəsinə ukraynalı həmyerlisi Dmitri Bezotosnı fantastik reaksiya göstərməyi bacardı.

    Bu görüşdə qonaqlar orta və uzaq məsafədən zərbələrə üstünlük verirdilər. Namik Ələsgərov, Rəhman Hacıyev və Uqo Barqas Bezotosnının qapısına çoxsaylı zərbələrlə yadda qalırdılar. “Qırmızı-qaralar” isə buna cavab olaraq Stiven Monrozun fərdi keçidləri, Asif Məmmədovun cinahındakı ağalığı hesabına cavab verirdi. Epizodların birində Tellur Mütəllimovun endirdiyi zərbə Ruslan Abışovun ayağından sıçrayaraq, qapı tirinə tuş gəldi. Monrozun topla 40 metrlik reydindən sonra endirdiyi zərbənin qarşısını isə Rəşad Əzizlinin gözəl seyvi əngəllədi. Əzizlidən söz düşmüşkən, istedadlı əlcək sahibinin uzun müddət oyun praktikasından əziyyət çəkdiyi sezilirdi. Qapısına endirilən zərbələr zamanı dəfələrlə topu bir cəhddə tutmaqda əziyyət çəkən Rəşad tezliklə əzəli formasını bərpa etməsə, Səlahət Ağayevin zədələnməsi səbəbindən qazandığı bu fürsətdən istifadə edə bilməyəcək.

    Görüşün 40-cı dəqiqəsində “Neftçi”nin mərkəz müdafiəçiləri bir anlıq sayıqlığı itirdilər. İtirdikləri bir tək sayıqlıq olsaydı, dərd yarı, Baqali Dabonu da itirmişdilər “ağ-qara” futbolçular. Nəticədə, forvard yaxın məsafədən cari mövsümdə 3-cü qolunu vurmağı bacardı.

    Fasilədən dərhal sonra Namik Ələsgərovun uzaq məsafədən endirdiyi zərbə Bezotosnı üçün əlçatmaz oldu. Oyunda intriqa yenidən yaranmışdı. Bu şansdan maksimumu sıxa biləcəkdimi qonaqlar? Vurduğu qoldan 10 dəqiqə sonra Ələsgərov dubl etmək şansı yaxaladı. Lakin vingerin cərimə meydançasının daxilindən endirdiyi zərbəyə dəqiqlik çatmadı. Buna meydan sahiblərinin cavabı özünü çox gözlətmədi: Dabonun zərbəsi Əzizlinin qucağından divara dəyəntək sıçradı, fransalı forvardın təkrar zərbəsi isə dirəyə tuş gəldi.

    “Neftçi”nin heyətində tənqid olunmağa əsas namizəd Anton Krivotsyukun cinahdan ötürdüyü top qapı tirinə yox, çərçivəyə daxil olsaydı, bəlkə də milliləşmiş müdafiəçinin üzərindən ağır ittihamı götürmək olardı. Ancaq Asif Məmmədovun matç boyunca onun başını necə gicəlləndirməsini xatırladıqda, Krivotsyuku əminliklə komandasının heyətində matçın antiqəhrəmanı adlandırmaq olar.

    Matçın 65-ci dəqiqəsində Əhmədov Emin Mahmudovu döyüşə atdı. Herreranı əvəzləyən istedadlı yarımmüdafiəçi Rəhman Hacıyevin mövqeyində - mərkəzdə qərarlaşdı. Əlsəgərov cinahını dəyişdi, Rəhman isə sağ vinger mövqeyinə atıldı. Namik üçün bu oyunda məşhur mahnıda olduğu kimi, “al da birdi, şal da birdi” deyimi yerinə düşürdü. “Neftçi”yə transfer olunduqdan sonra yarımmüdafiəçi ən yaxşı oyununu keçirdiyini söyləyə bilərik. Lakin nə Namikin səyləri bəhrə vermədi, nə fiziki kondisiyaları yerində olmayan Mahmudovun, nə də son 10 dəqiqədə Barqası əvəzləyən və heç nə ilə yadda qalmayan Daniel Seqoviyanın.

    Bu qələbə sayəsində “Qəbələ” ilk 3-lükdəki mövqeyini bir qədər də yaxşılaşdırdı. “Neftçi” isə sərgilədiyi futbolla "üfüqdə işıq" göstərsə də, turnir cədvəlindəki acınacaqlı durumu yaxşılaşdıra bilmədi.

    MEHMAN SÜLEYMANOV

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0