Dünya Şahmat Tacı uğrunda turnirdə mübarizə davam edir. Sport24.az xəbər verir ki, Qazaxıstanın paytaxtı Astanada keçirilən seriyanın 10-cu oyununda Yan Nepomnyaşi ilə Dinq Liren heç-heçəyə razılaşıb.

Bu rusiyalı şahmatçı ilə çinli qrossmeyter arasında keçirilən görüşlərdə ardıcıl 3-cü heç-heçədir. Ötən dəfə tərəflər 82-ci gedişdə sülhə razılaşmışdılarsa, bu dəfəki partiya 45 gediş davam edib. Liren ağ fiqurlarla oynasa da, rəqibi üzərində aşkar üstünlük qura bilməyib. Budəfəki oyun həm də unikallığı ilə yadda qalıb. Belə ki, 3 saat davam edən partiyada şahmatçılar qısa müddət ərzində ancaq fiqur dəyişdirməklə yadda qalıb. Sonda hər ikisi bir şahla qalınca partiya yekunlaşıb.

Beləliklə, 10 görüşdən sonra Nepomnyaşi 5,5:4,5 hesabıyla üstünlüyünü davam etdirir. Görüşdən sonra Liren Nepomnyaşini ağ fiqurlarla məğlub etməyə ümidli olduğunu söyləyib. O, bu dəfə şansı əldən verdiyini və qarşıda bunu reallaşdırmaq üçün daha 4 cəhddən yararlanacağını söyləyib. Nepomnyaşi isə indiki vəziyyətdə hər oyun qələbəyə oynamağa məhkum olmadığını bildirib. Rusiyalı qrossmeyster 10-cu partiyada çox yaxşı müdafiə olunduğunu da sözlərinə əlavə edib.

Sabah seriyada 11-ci görüş keçiriləcək.