"Atletiko"nun müdafiəçisi Kristian Romero "Qızıl top" mükafatının Lionel Messiyə verilməli olduğunu bildirib. Sport24.az xəbər verir ki, Argentina millisinin üzvü ESPN-ə açıqlamasında Messinin hələ də dünyanın ən yaxşı futbolçusu olduğunu vurğulayıb.
"Qızıl top Leo Messiyə verilməlidir. O, futboldan gedənə qədər buna əmin olacağam. Messi hələ də dünyanın ən yaxşısıdır. Onun çox az insanda olan təvazökarlığı var. Onu digərlərindən fərqləndirən xüsusiyyətlər bunlardır", - deyə Romero bildirib.
28 yaşlı müdafiəçi Messi ilə Argentina millisində birgə keçirdiyi günləri də xatırlayıb. O, milliyə ilk dəfə qoşularkən Messinin ona uyğunlaşmaqda kömək etdiyini deyib.
Romero Messinin karyerası ərzində qazandığı uğurlara da toxunub:
"Uşaqlıqdan mənim kumirim olub. Onun əziyyət çəkdiyini, daha sonra isə hər şeyi qazandığını gördüm. Onunla çox şey paylaşmışam. O, bütün zamanların ən yaxşısıdır. Onun üçün möhtəşəm vida olacaq".
Argentinalı futbolçu hesab edir ki, Messi karyerasını başa vurduqdan sonra "Qızıl top"un verilməsi daha çox marketinq gücündən asılı olacaq:
"Messi futboldan getmək qərarına gələndə "Qızıl top"u kimin alacağını görəcəyik. Ən çox marketinq gücünə sahib futbolçu mükafatı qazanacaq. Çünki məsələ bundan ibarətdir".
Qeyd edək ki, "Atletiko"nun baş məşqçisi Dieqo Simeone də ötən həftə 39 yaşlı Messinin "Qızıl top"a namizədliyini dəstəkləyib.