UEFA, FİFA-nın prezidenti postu uğrunda seçkilərdə Arsen Vengeri dəstəkləyəcək. Sport24.az xəbər verir ki, bu barədə "talkSPORT" portalı məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, qitə futbol qurumunun yüksək vəzifəli şəxsləri hazırda 77 yaşlı fransız mütəxəssisi təşkilatın qarşıdan gələn seçkilərində FIFA prezidentliyinə namizədliyini irəli sürməyə razı salmağa çalışırlar.

 

Eyni zamanda, UEFA digər potensial namizədləri də nəzərdən keçirir və seçdiyi namizədin adını ən geci gələn həftə açıqlamağı planlaşdırır.

 

Bir neçə gün öncə xəbər verilmişdi ki, UEFA artıq namizəd olmaq niyyətini açıqlamış Yaponiya Futbol Assosiasiyasının fəxri prezidenti Kozo Taşimanın namizədliyini dəstəkləyə bilər. Rəsmi şəkildə namizəd kimi qeydə alınmaq istəyən şəxs FIFA-nın 211 üzv assosiasiyasından ən azı beşinin dəstəyini qazanmalıdır. Yaponiya assosiasiyası artıq ona dəstək verəcəyini bildirib.

 

FIFA-nın hazırkı prezidenti Canni İnfantino da növbəti müddətə namizədliyini irəli sürmək niyyətindədir.

 

Qeyd edək ki, FIFA prezidentliyi uğrunda seçkilər 2027-ci ilin mart 18-də Mərakeşin paytaxtı Rabatda keçiriləcək. Namizədliklərin təqdim edilməsi üçün son tarix noyabrın 26-dır.