Misli Premyer Liqasının XI turu çərçivəsində keçirilən "Zirə" — "Qəbələ" matçından (2:1) sonra meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk növbədə qarşılaşma haqqında fikirlərini bölüşdü:

 

– Matça olduqca yaxşı başladıq və erkən qolla hesabda önə keçdik. Lakin 10-cu dəqiqədən sonra üstünlüyü rəqibə verdik. "Qəbələ" ilk hissənin sonunadək aqressiv pressinq tətbiq etdi və təzyiq altında oyunumuzu qurmaqda çətinlik çəkdik. Fasilədən sonra isə vəziyyət dəyişdi, tədricən təşəbbüsü ələ aldıq. Xüsusilə 55–60-cı dəqiqədən sonra meydanda tam görmək istədiyim "Zirə"ni izlədik. Çoxsaylı hücumlar etsək də, rəqibin nizamlı müdafiəsini yarmaq asan deyildi. Yeton Bekirinin gəlişindən sonra "Qəbələ"nin oyun fəlsəfəsində və mental hazırlığında ciddi irəliləyiş baş verdiyini bilirdik. Matçın ağır keçəcəyini ehtimal edirdik. Şükürlər olsun ki, oyunun sonlarına yaxın David Volkovun təhlükəli epizodundan sonra müdafiəni yara bildik. Ardından Vierinya və Krisin möhtəşəm kombinasiyası qələbə topunu gətirdi. Azarkeşlərimizə sonadək bizə inandıqları üçün təşəkkür edirəm.

 

– Heyət seçimində Vierinya və Krisin ehtiyatda qalması, Elçin Əlicanovun isə əsas heyətdə şans qazanması diqqət çəkdi. Bu taktiki gediş necə planlaşdırılmışdı?

 

– Oyuna əslində 4-2-3-1 sistemi ilə hazırlaşmışdıq, əsas heyətdə İsmael və Cibrilla başlamalı idi. Lakin hər iki oyunçu matçdan iki gün əvvəl zədələndi və məcburiyyətdən beşli müdafiə sisteminə keçdik. Əgər Krislə İsmael əvvəldən meydanda olsaydılar, oyunu gücləndirmək üçün ehtiyatda oyunçumuz qalmazdı. Üstəlik, Vierinya iki aydır yaşıl meydanlardan uzaqdır və maksimum 45–55 dəqiqə dözə bilərdi. Seçim qarşısında qalıb düşündük ki, matçın ikinci hissəsi daha həlledici olacaq və hər iki futbolçunu fasilədən sonra meydana buraxaq. Təbii ki, futbolda heç vaxt 100% zəmanət yoxdur, əks nəticə də ala bilərdik, lakin düşüncəmiz bu idi və şükürlər olsun ki, uğurlu alındı.

 

– Matçdan öncə sabiq komanda yoldaşınız Riçard Almeyda ilə görüşdünüz. Onunla nə barədə danışdınız?

 

– İlk olaraq  ona "Çox ağır işdir" dedim. Çünki o, baş məşqçi peşəsinin nə qədər çətin olduğunu hələ tam bilmir. Bizim tərəfə gəlməzdən, hələ görüşməmişdən əvvəl ona bu işin çox ağır və stresli olduğunu söylədim. O da "görürəm" dedi. Çalışırıq ki, Allahın köməkliyi ilə vicdanla işimizin öhdəsindən gələk. Bəzi məqamlarda alınır, bəzilərində isə yox, amma əlimizdən gələni edirik.