İlk dəfə Azərbaycan millisinə dəvət alan "Qəbələ"nin futbolçusu Eşqin Əhmədovun Sport24.az-a müsahibəsi

- Misli Premyer Liqasının XI turunda səfərdə "Zirə"yə məğlub oldunuz. Oyun haqqında nə deyə bilərsən?
- Bu matça yaxşı hazırlaşmışdıq. Meydana qələbə qazanmaq üçün çıxmışdıq. Oyunumuz da yaxşı alınırdı. Erkən qol buraxsaq da, hesabı bərabərləşdirə bildik. Məncə, oyun bizim üstünlüyümüzlə keçirdi. Yaxşı oynayır, qələbə qazanmağa çalışırdıq. Ancaq istəyimizə çata bilmədik. Son dəqiqədə qol buraxdıq. Buna görə təəssüflənirik.

- Səncə, istədiyiniz nəticəni qazanmağa nə mane oldu? Son dəqiqələrdə qol buraxmağınızın səbəbi nə idi?
- Qələbə də qazana bilərdik. Heç-heçə də bizim üçün yaxşı nəticə olardı. Çünki turnir cədvəlinin sonuncu pillələrindəyik. Ən azı bir xal qazanardıq. Son dəqiqədə diqqətsizlik etdik. Beşli müdafiəyə keçmişdik, amma diqqətsizlik nəticəsində qapımızda qol gördük.

- Misli Premyer Liqasında I dövrə başa çatdı. İstədiyiniz kimi çıxış edə bildinizmi?
- Mövsümə yaxşı başlaya bilmədik. Qələbə qazana bilmirdik. Buna görə turnir cədvəlinin son pillələrinə düşdük. İnanıram ki, komandamız bundan sonra daha yaxşı çıxış edəcək.

- Karyeranda ilk dəfə Azərbaycan millisinə dəvət almısan. Bunu biləndə hansı hissləri keçirdin?
- Buna görə çox sevinirəm. Əsas millidə oynamaq hər bir futbolçu üçün şərəfdir. Mən də bu dəvətə görə qürur duyuram.

- Səncə, milliyə mütəmadi dəvət almaq üçün nələr etməlisən?
- Öz üzərimdə daha çox çalışmalıyam. Davamlı olaraq milliyə dəvət almaq üçün ən yaxşısını etməliyik.

- UEFA Millətlər Liqasında Lixtenşteynlə, yoldaşlıq görüşündə isə Andorra ilə qarşılaşacağıq. Bu oyunlar barədə fikirlərin necədir?
- İlk oyun çox vacibdir. Qələbə qazanaraq qrup lideri ola bilərik. Yoldaşlıq qarşılaşması da önəmlidir.

- Hansı oyunda sənə şans veriləcəyini gözləyirsən?
- İlk dəfədir milli komandanın düşərgəsinə yollanacağam. Bu, Ayxan müəllimin qərarıdır.