Nigeriyalı futbolçu Ayzak Saksess karyerasında ikinci dəfə Azərbaycan klubunun təklifini qəbul etməyib. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
"Sabah" yay "transfer pəncərəsi"ndə 30 yaşlı hücumçu ilə ciddi maraqlanıb. Lakin azad agent statusunda olan afrikalı forvard Səudiyyə Ərəbistanının "Al-Bukiriya" klubunu seçib.
Məlumata görə, Saksess daha yüksək maaş təklifinə görə Səudiyyə Ərəbistanına yollanmağa üstünlük verib.
Maraqlıdır ki, 2025-ci ilin yayında "Neftçi" də Ayzak Saksessi heyətinə qatmaq istəyib. Lakin futbolçu həmin vaxt Liviyanın "Al-Taavun" klubuna keçib.
Xatırladaq ki, Ayzak Saksess karyerası ərzində İtaliyanın "Udineze", İngiltərənin "Uotford", İspaniyanın "Malaqa" və "Qranada" klublarında çıxış edib.