"Liqanın liderinə qarşı oynadıq. "Xəzri" olduqca güclü kollektivdir". Sport24.az xəbər verir ki, bunu "Cəlilabad" basketbol klubunun baş məşqçisi Şəhriyar Əsgərov deyib.

 

Aazərbaycan kubokunun 2-ci turunda "Xəzri"yə 69:86 hesabı ilə uduzan mütəxəssis bildirib ki, komandada olan problerlər də matçın nəticəsinə təsir edib: "Təəssüflər olsun ki, itkilərimiz daha da çoxalıb. Zədəli oyunçuların çoxluğu ucbatından heyətimiz əvvəlki kimi geniş deyil. Üstəlik, Andrey Kondratyev və Əbdülmətin Quliyevin qızdırması olduğundan onlar görüşdə iştirak edə bilmədilər. Kobi Tomasın zədəsi də tam sağalmayıb deyə, o, meydançada cəmi bir neçə dəqiqə qaldı. Levan Qoqaladzenin də zədəsi var. Zaur Paşayevin dizində çox güclü ağrılar olsa da, kapitanımız özündə güc tapdı və oyunda iştirak etdi. O, məhsuldar görüş keçirdi. Oyunu 21 xal və 7 ribaundla başa vurdu. Onun qayıdışına çox sevindik. Əslində kubok matçlarının əsas məqsədi yerli basketbolçuların daha çox oynaması və praktikalarını artırmasından ibarətdir. Biz də bundan bacardığımız qədər istifadə edirik. Daha öncə qeyd etdiyim kimi, çox güclü rəqibə qarşı oynasaq da cəhdlərimizi dayanmadan davam etdirirdik. Hücum taktikasını, müdafiə variantlarını yoxladıq, hətta xal fərqini də xeyli azalda bildik, lakin rəqib həqiqətən də güclü komandadır deyə oyunda dönüş yaratmaq mümkün olmadı".

 

Qeyd edək ki, kubokda keçirdiyi hər 2 oyunda məğlub olan "Cəlilabad" qrup sonuncusudur.