Misli Premyer Liqasının V turunda səfərdə "Zirə" ilə 1:1 hesablı heç-heçə edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis ilk növbədə qarşılaşma haqqında fikirlərini bölüşdü:
– Ümumən çox maraqlı və sona kimi gərgin keçən oyun alındı. Yaxşı, sürətli hücumlar gördük. Hər iki komanda ən azı bir xala layiq idi, bəlkə də ədalətli nəticə məhz heç-heçə idi. Özümüzə gəlincə, oyundan-oyuna daha inamlı təsir bağışlayırıq və meydanda daha yaxşı detallar görürəm. Bir-birini tamamlayan epizodlar get-gedə daha da təkmilləşir. Xallarımızın üzərinə birini də əlavə etdik. Qarşıdakı günlərdə növbəti matçlara hazırlaşacağıq.
– Bu gün heyətdə debüt edən yeni futbolçuların çıxışını necə qiymətləndirirsiniz?
– Normaldır. Hələ ki öz optimal formalarından uzaqdırlar. Lakin az oynayan və ya yeni gələn futbolçular üçün şərait yaradırıq ki, komandadakı atmosferi və kollektivi daha yaxşı hiss etsinlər. Onların fiziki baxımdan hələ tam hazır olmadıqlarını bilirik. Yavaş-yavaş adaptasiya prosesini sürətləndirmək istəyirik. Önümüzdə milli komandaların oyunları ilə bağlı fasilə yaranacaq. İnanıram ki, həmin fasilədən istifadə edərək onları optimal idman formasına gətirə biləcəyik.
– Abbas Hüseynovun adı dünən əvəzedici heyətin iştirak ərizəsində yer almışdı. Onun mövsümün sonuna qədər Elvin Cəfərquliyev kimi əsas komandaya qayıtmaq ehtimalı var?
– Xeyr. Ona artıq hər şey bildirilib. Bu mövzuda əlavə danışılacaq bir şey yoxdur.