Məşhur şahmatçı Sergey Karyakin Bakıya gəlməmək qərarına gəlib. Sport24.az xəbər verir ki, buna səbəb yenə siyasi məsələlərdi.
Məlumdu ki, iyulun 29-dan avqustun 25-dək paytaxtımızda şahmat üzrə Dünya Kboku keçiriləcək. Beynəlxalq Şahmat Federasiyası (FİDE) bu turnirə rusiyalı qrossmeysteri də dəvət etmişdi. Çünki Karyakin 2021-ci ildəki Dünya Kubokunun nəticələrinə əsasən paytaxtımızdakı turnirdə iştirak etməyə haqq qazanmışdı.
Karyakin iştirakı ilə bağlı yekun qərarını iyunun 2-nə qədər açıqlamalı idi. Bu gün məhşur şahmatçı öz ''Teleqram'' kanalında Bakıya gəlməyəcəyini bildirib. Bir çox idman növlərində olduğu kimi, şahmatda da Rusiya və Belarusdan olanlar bayraqsız və himnsiz, yəni neytral statusda yarışlara buraxılır. Dünya Kuboku Karyakinin sevimli turnirlərindən olsa da, o öz prinsiplərini əsas gətirərək iştirakdan boyun qaçırıb. Rusiyanın Ukraynaya hərbi təcavüzünü dəstəklədiyi üçün o, ötən il FİDE tərəfindən 6 aylıq diskvalifikasiya olunmuş və adı reytinqdən çıxarılmışdı. Son dönəmlərdə FİDE-nin bəzi komanda şəklində yarışlarında iştirak etdiyi üçün onun adı yenidən reytinqə salınmışdı. Hazırda 11-ci pillədə olan Karyakin Bakıdakı çıxışı sayəsində ilk ''10-luğ''a daxil ola bilərdi.
Xatırladaq ki, Karyakindən başqa Bakıya Rusiyadan 7 kişi, 3 qadın şahmatçı dəvət olunub.