Dünən 46-cı Ümumdünya Şahmat Olimpiadasına yekun vuruldu. Hər zaman olduğu kimi, bu dəfə də böyük ölçüdə "şahmat ölkəsi" hesab edilən Azərbaycanın nə kişilərdən, nə də qadınlardan ibarət milliləri medal qazana bilmədi. Ümumilikdə təmsilçilərimizin çıxışına nəzər saldıqda, kişilərdən ibarət komandamızın nəticəsini uğurlu hesab etmək olarsa, zərif cinsin nümayəndələrinə ən yaxşı halda "kafi" qiyməti vermək mümkündü.
Başlayaq kişilərdən. Şəhriyar Məmmədyarovun yalnız ilk turda iştirak etməməsi yenə də əsas yükün - rəqiblərin ən güclülərinə qarşı "odda yanmaz, suda batmaz" - şahmat tariximizin ən parlaq simasına düşdüyü anlamına gəlir. Keçirdiyi 10 partiyada cəmi 5,5 xal toplaması əlbəttə ki, ənənəvi Şəhriyar nəticəsi deyil. Ancaq obyektiv olmaq lazımdı. Yaş öz işini görür. Artıq həmin iti zəka, inanılmaz kombinasiyalar, fantastik hesablamalar, daimi təzyiqi görməyimiz mümkün deyil. Məmmədyarovun daha çox "oyunu qurutmaq" cəhdləri, xalları böldüyü partiyaların əksəriyyətində böyük əziyyətlə buna nail olması məhz yaş faktorundan qaynaqlanırdı. Şərti olaraq, məsələn, 10 il əvvəlki Şəhriyar olsaydı, heç şübhəsiz ki, millimiz bu dəfə medal qazanacaqdı, dahi şahmatçımızın şəxsi göstəricisi də 7-8 xal aralığında olacaqdı. Ancaq günümüzün reallığı budu və hansısa partiyada onun əziyyətsiz heç-heçəni mürəkkəb qələbədən üstün tutduğunu söyləmək ədalətsizliyin zirvəsi olar.
Təxmini eyni sözləri digər veteran Rauf Məmmədov haqda da demək olar. Keçirdiyi 7 oyunda 4,5 xal toplayan 38 yaşlı qrossmeyster də ən parlaq günlərindən uzaqdı. Xüsusilə Ermənistanla matçda bunu Qabriel Sargissyana qarşı buraxdığı çoxsaylı səhvlər zamanı müşahidə etmək olardı. Məğluybiyyət Raufa elə təsir etdi ki, o, son 2 turda bir daha lövhə arxasına keçmədi. Ancaq heç bir uğursuzluq nə Raufun, nə də Şəhriyarın adına ləkə gətirə bilməz. Hər iki qrossmeysterimiz Vətənimiz qarşısında sağlıqlarında adlarına küçələr salınmağa, heykəllər ucaldılmağa layiq xidmətlər göstəriblər.
Əsas və yeganə əvəzedici, 5-ci nömrə Eltac Səfərli də lazımi anda, lazımi gedişləri etməyi bacardı. Keçirdiyi 5 oyunda topladığı 3 xal kifayət qədər qənaətbəxş nəticədi.
İndi isə bütün turlarda üçrəngli bayrağımızı təmsil etmiş Aydın Süleymanlı və Məhəmməd Muradlı haqqında. Bu uşaqların hər ikisinin alnından öpmək lazımdı. Gözümüzün önündə böyüyən bu gənclər fantastik nəticəyə imza atdılar. Keçirdikləri 11 oyunun heç birində məğlub olmayan yaxın gələcəkdə artıq millimizin əsas sütunları olacaq Aydın (21 yaş) - Məhəmməd (23 yaş) tandemi birlikdə 15,5 xal qazandılar! Lakin cüzi tənbehə də zəmin var. Xüsusilə Məhəmməd 1-2 partiyada üstün vəziyyətdən istifadə edə bilmədi ki, bu mövzuda büdrəmələri aradan qaldırmaq yolunda daha çox çalışmalı olduğunu göstərdi.
Xanımlara gəlincə… Bildyimiz qədəri ilə Azərbaycan Şahmat Federasiyası əsas "stavka"nı məhz onlara etmişdi. Ancaq təəssüf ki, qızlarımız potensiallarından aşağı çıxış etdilər. Olimpiadanın ilk 5 turunda maksimal nəticəyə imza atmış azərbaycanlı xanımlar növbəti turlarda o qədər qəza törətdilər ki, buna heç bir səbəb tapmaq mümkün deyil. Bəli, 6-cı turda Ermənistana məğlub olmaq xoşagələn hal deyildi. Ancaq psixoloji zərbədən komandanı çıxarmaq üçün məşqçilər heyəti var idi. Bütün hallarda budəfəki yekun nəticənin əsl adı fiaskodu! Ortalama hər bir şahmatçımızın payına 5,7 xal düşür ki, bunu top-ölkə adına yaraşdırmaq mümkün deyil. Ümid edirik ki, buraxılan nöqsanlardan Federasiya səviyyəsində nəticə çıxarılacaq və uğursuzluğun səbəbkarları lazımınca cəzalandırılacaqlar.
Yekunda onu qeyd edək ki, kişilərdın ibarət yığmamız 5-ci, xanımlar isə 16-cı oldular.