"Fənərbağça" ilə "Turan Tovuz"un Bakıda keçirdiyi yoxlama oyunu təkcə meydandakı futbolu ilə yadda qalmadı.

Qarşılaşmanın təşkilati tərəfi də ciddi suallar doğurdu. "Turan Tovuz" bu matçı "dostluq oyunu" kimi təqdim edirdi. İstanbul klubunun paylaşımlarında isə qarşılaşma daha konkret şəkildə "hazırlıq matçı" kimi qeyd olunurdu. Adından daha vacib olan isə oyunun necə təşkil edilməsidir. Və burada ortaya kifayət qədər ciddi mənzərə çıxdı.

Əvvəlcə dövlət himni məsələsi.

Türkiyənin dövlət himni səsləndirilən zaman "Turan Tovuz"un futbolçularının meydanda müxtəlif yerlərə səpələnməsi xoş görüntü yaratmadı. Himn zamanı komandaların meydanda müəyyən edilmiş qaydada dayanması elementar protokol məsələsidir. Əgər futbolçulara himnin səsləndiriləcəyi barədə əvvəlcədən məlumat verilməyibsə, bu, artıq təşkilatçılıq problemini daha da böyüdür. Yeri gəlmişkən, görəsən nə vaxtdan dostluq və ya türklər dediyi kimi hazırlıq matçında himn səslənir? 

Əslində isə belə məqamlar əvvəlcədən düşünülməli idi.

Çünki qarşı tərəf sıradan bir komanda deyildi. "Fənərbağça" kimi nəhəng klub Bakıya gəlib. Belə oyunda hər detal klubun simasıdır.

Amma ən qəribəsi bundan sonra yaşandı. Qonaqların futbolçusu Qrinvud qırmızı vərəqə aldı və ara qarışdı. İş o vəziyyətə çatdı ki, az qala futbolçular meydanı tərk edirdilər. Nə yaxşı ki, sonda fikirlərindən danışdılar və qırmızı vərəqə alan futbolçu əvəzləndi.

"Fənərbağça"nın baş məşqçisi İsmail Kartal üçün mətbuat konfransının təşkil olunmaması da ciddi suallar yaratdı. Türkiyənin aparıcı klublarından biri Bakıya gəlir, məşqçi oyunsonrası media qarşısına çıxmır və bu, normal hal kimi təqdim olunur.

Halbuki çox da uzağa getməyə ehtiyac yoxdur.

Daha əvvəl Beşiktaş Bakıda "Sabah"la eyni stadionda əsl qardaşlıq oyunu keçirmişdi. Həmin qarşılaşmadan sonra Şenol Güneş media qarşısına çıxmış, mətbuat konfransı normal şəkildə təşkil edilmişdi.

Deməli, məsələ "Bakıda belə şey olmur" deyil.

Bir tərəfdə "Sabah"ın təşkilatçılığı, digər tərəfdə "Turan Tovuz"un təşkilatçılığı.

Fərq göz qabağındadır.

Bütün bunlar xüsusilə ona görə təəccüblüdür ki, "Turan Tovuz"un rəhbərliyi mövsümün əvvəlində böyük hədəflər səsləndirmişdi. Çempionluq iddiası ortaya qoyulmuşdu. Amma mövsümün gedişində bu hədəfin reallaşmayacağı, avrokubok yolunun da bağlandığı mənzərə formalaşdı.

Belə vəziyyətdə "Fənərbağça" ilə oyun klub üçün həm böyük futbol hadisəsi, həm də mövsümün müəyyən mənada imic layihəsi idi.

Ancaq belə bir tədbirin ən sadə təşkilati detalları belə diqqətdən kənarda qalırsa, ortaya haqlı sual çıxır: bu qədər böyük oyunu təşkil etməyə həqiqətən hazır idinizmi?

Və burada marketinq və təşkilati işlərə cavabdeh şəxslərin məsuliyyəti də müzakirə olunmalıdır.

Nəsimi Paşayev, siz harada idiniz?

Bu tip qarşılaşmalar yalnız 22 futbolçunun meydana çıxması və tribunaların dolması demək deyil. Himn, protokol, media, məşqçinin mətbuat konfransı, qonaq klubun qarşılanması, informasiya təminatı — bunların hamısı təşkilatçılığın bir hissəsidir.

Metroda işləyərkən yerin altında çox şey görünməyə bilər. Amma futbol klubunda təşkilatçılıq yerin altında yox, meydanın üstündə görünür.

Bu dəfə isə göründü.

Həm də kifayət qədər aydın göründü.

Əgər klubun rəhbəri böyük hədəflər qoyursa, həmin hədəflərə uyğun idarəçilik və təşkilatçılıq da nümayiş etdirilməlidir. Böyük klub gətirmək kifayət deyil. Böyük klubu qəbul etməyi də bacarmaq lazımdır.

"Fənərbağça"nın Bakıya gəlməsi özü-özlüyündə böyük hadisə idi. Təəssüf ki, "Turan Tovuz" bu hadisənin təşkilati tərəfini həmin səviyyəyə qaldıra bilmədi.

Nəticədə "Fənərbağça" Bakıya gəldi.

Amma "Turan Tovuz"un təşkilatçılığı meydanda yox, suallar qarşısında qaldı.