Azərbaycan Güləş Federasiyası 23 May - Beynəlxalq Güləş Günü ilə əlaqədar Şamaxıya media tur təşkil edib. Səfər çərçivəsində AGF-nin Hakimlər Komitəsinin sədri Asif Şirəliyev media nümayəndələrinə güləşin tarixi, növləri, qaydaları, ən son qəbul edilmiş qərarlar, xalların qiymətləndirilməsi və güləşlə bağlı digər məlumatları diqqətə çatdırıb.
Güləşin təbliğat və təşviqat kampaniyası tərkibində keçirilən tədbirdə l kateqoriyalı hakim Əli Babayevin təşəbbüsüylə ərsəyə gələn Beynəlxalq Güləş Qaydaları kitabı da ictimaiyyətə çatdırılıb. Güləşlə bağlı bütün zəruri məlumatları özündə əks etdirən kitabın gələcəkdə çoxaldılaraq müxtəlif klub və cəmiyyətlərdə fəaliyyət göstərən məşqçilərə paylanılması nəzərdə tutulub. Tədbirdə media nümayəndələri arasında maraqlı müsabiqələr də keçirilib.
Seminardan sonra jurnalistlər Şamaxıda federasiyanın dəstəyilə fəaliyyət göstərən güləş zalında yaradılmış şəraitlə tanış olub və məşqin gedişini izləyiblər.