İtaliya millisinin baş məşqçisi postuna əsas namizədlərdən olan Andrea Pirlo ətrafında yaranan qalmaqal texniki direktor Paolo Maldininin gələcəyini də sual altına salıb. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta Dello Sport" məlumat yayıb.

Mənbənin iddiasına görə, Pirlonun Rusiyanın "Fonbet" mərc şirkəti ilə əməkdaşlığı və "United FC"nin prezidenti Sergey Lomakinlə əlaqələri ölkədə ciddi müzakirələrə səbəb olub. Bu vəziyyət Maldinini çətin durumda qoyub. Belə ki, o, əvvəllər Pirlonun namizədliyini yalnız idman baxımından müdafiə etməli idisə, indi bu seçimini siyasi müstəvidə də əsaslandırmaq məcburiyyətində qalıb.

Bildirilir ki, İtaliya Milli Olimpiya Komitəsinin prezidenti Covanni Malaqo yaranmış vəziyyəti nəzərə alaraq alternativ variantları da dəyərləndirməyə başlayıb. Lakin Maldini Roberto Mançini və Antonio Kontenin namizədliyinə isti yanaşmır. O, uzunmüddətli layihəyə uyğun müasir futbol fəlsəfəsinə malik məşqçi ilə işləmək niyyətindədir.

Məlumata görə, əgər Pirlonun namizədliyi siyasi səbəblərdən rədd edilərsə, bu, Maldininin də vəzifəsindən geri çəkilməsinə səbəb ola bilər. İddialara əsasən, tərəflər arasında yaranan vəziyyətin həllində Leonardo vasitəçi rolunu oynaya bilər.