"İlk oyunda komandalar arasında fərq göründü". Bu sözləri Sport24.az-a Şahin Diniyev deyib.

Mütəxəssis "Sabah"ın Finlandiyada "KuPS"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu haqqında danışıb:

"Təmsilçimiz səviyyə baxımından bir addım irəlidədir. Həm sərgilədiyi oyun, həm də komanda baxımından "Sabah" daha yaxşı təsir bağışlayır. Düşünürəm ki, təmsilçimiz üçün səfərdəki matç daha asan olacaq".

Diniyev Azərbaycan təmsilçisinin rahat qalibiyyət əldə edə biləcəyini söyləyib:

"Sürətli əks-hücumlar nəticəsində rahat qələbə qazanmaq olar. Amma rəqibi də ciddi qəbul etmək önəmlidir. 1:0 sürüşkən hesabdır. Lakin "Sabah"ın növbəti mərhələ şansı daha çoxdur".

Qeyd edək ki, "KuPS" - "Sabah" oyunu iyulun 28-də saat 19:00-da start götürəcək.