Cüdo üzrə Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatının qarışıq komanda yarışında mübarizəni dayandırıb. Sport24.az xəbər verir ki, yığma 1/8 final mərhələsində Yaponiya komandasına 1:4 hesabı ilə uduzub. Rəqib 1/4 finala vəsiqə qazanıb.

 

Azərbaycan millisinin yeganə qələbəsini Zelim Kotsoyev (+90 kiloqram) Kanta Nakano ilə qarşılaşmada əldə edib.

 

Digər dörd qarşılaşmada Yaponiya təmsilçiləri üstün olublar. Xədicə Qədəşova (57 kiloqram) Momo Tamaokiyə, Rəşid Məmmədəliyev (73 kiloqram) Ryuqa Tanakaya, Südabə Ağayeva (70 kiloqram) Şiho Tanakaya, Zelim Tskayev (90 kiloqram) isə Qoki Tacimaya məğlub olub.

 

Qeyd edək ki, Azərbaycan millisi fərdi yarışları rekord nəticə - yeddi medalla başa vurub. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medal qazanıblar.