Bakıda keçirilən cüdo üzrə dünya çempionatına bu gün qarışıq komanda yarışı ilə yekun vurulacaq. Sport24.az xəbər verir ki, mundialın son günündə 18 ölkədən 192 cüdoçu tatamiüzərinə çıxacaq.
Azərbaycan millisi mübarizəyə 1/16 final mərhələsindən başlayacaq. Yığmamızın ilk rəqibi Avstriya olacaq. Millimiz bu mərhələni keçəcəyi təqdirdə 1/8 finalda Yaponiya ilə qarşılaşacaq.
Görüşlər altı çəki dərəcəsində - kişilər arasında 73, 90 və 90 kq-dan yuxarı, qadınlarda isə 57, 70 və 70 kq-dan yuxarı çəkilərdə keçiriləcək.
Azərbaycan millisinin heyətində 11 cüdoçu yer alıb.
Qadınlar:
57 kq: Gültac Məmmədəliyeva, Xədicə Qədəşova
70 kq: Südabə Ağayeva, Hanna Zaytseva
+70 kq: Madina Kaisinova
Kişilər:
73 kq: Rəşid Məmmədəliyev, Ruslan Paşayev
90 kq: Zelim Tçkayev, Süleyman Şükürov
+90 kq: Zelim Kotsoyev, Uşanqi Kokauri
Təsnifat mərhələsi Bakı vaxtı ilə saat 09:30-da, final bloku isə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi fərdi yarışları rekord nəticə - yeddi medalla başa vurub. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medal qazanıblar.