Misli Premyer Liqasının VII turunda səfərdə "Sumqayıt"a 1:4 hesabı ilə məğlub olan "Qəbələ"nin baş məşqçisi Yeton Bekiri oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, şimali makedoniyalı ilk növbədə qarşılaşma haqqında təəssüratlarını bölüşdü:
– Belə matçlarda erkən qollar buraxdıqdan sonra oyuna qayıtmaq həddən artıq çətindir. İki qol buraxdıq, ardından toparlanıb fərqi azaltdıq. Lakin təəssüf ki, cəmi bir neçə dəqiqə sonra üçüncü qolu buraxdıq. Bu amil komandada ciddi psixoloji gərginlik yaradır. "Qəbələ"yə gəlməzdən əvvəlki oyunları da təhlil etmişdim, orada da çox rahat və "ucuz" qollar buraxılırdı. Müdafiədə elə xətalar edirik ki, Premyer Liqadakı normal və iddialı bir komanda bu cür səhvlərə yol verməməlidir. Lakin bura gecə-gündüz çalışmaq və bu problemləri kökündən həll etmək üçün gəlmişik.
– Kaxaber Sxadadzenin dövründə də komanda bənzər "ucuz" qollar buraxırdı. İstədiyiniz intizamlı komandanı formalaşdırmaq üçün sizə nə qədər vaxt lazımdır?
– Əlbəttə, zamana ehtiyac var. Müasir futbolda vaxt ən qiymətli resursdur, xüsusən də yeni gələn məşqçilər üçün. Səfərdə qol vurmağımıza baxmayaraq, qapımızda bu qədər rahat qollar görəndə müsbət nəticə qazanmaq imkansız olur. Rəqibin üç təhlükəli zərbəsini hamısının qolla nəticələnməsi ağır oldu. Lakin bu matçın təsadüfi bir uğursuzluq olduğuna inanmaq istəyirəm. Özümə və potensialımıza güvənirəm. Növbəti turlardan etibarən həm müdafiədə intizamlı, həm də meydanda daha yaxşı mübarizə aparan kollektiv olacağıq.
– Qısa müddətdə komandada ilk olaraq nəyi dəyişmək istəyirsiniz?
– Azərbaycan Premyer Liqasında asan rəqib yoxdur, çempionatda çox güclü klublar mübarizə aparır, xüsusən də "Sabah". Vaxtımızın az olduğunu yaxşı dərk edirəm. İndi əsas məqsədimiz mütəmadi analizlər aparmaq və buraxılan fərdi xətaların aradan qaldırılması üzərində işləməkdir.
– Mövsümün gedişində gələn baş məşqçilər adətən uğursuzluq fonunda "heyəti mən yığmamışam" bəhanəsinə sığınırlar. Siz bu barədə nə düşünürsünüz?
– Mən bura gileylənməyə və ya ağlamağa gəlməmişəm. Bura sırf işləmək üçün gəlmişəm və keçmişdə olanlar barədə danışmaq istəmirəm. Əlimizdə olan futbolçularla maksimum nəticə verməyə çalışacağıq. Kluba, futbolçulara və çempionata böyük hörmətlə yanaşıram. Biz arxaya yox, irəliyə baxmalıyıq. Bu gün heyətdə Xayme Syerra kimi vacib bir futbolçumuz yox idi, Rafael Utziq və Endri Çekici kimi oyunçularımızın da tam formaya düşməsinə ehtiyacımız var. Həmin futbolçular da komandaya inteqrasiya olunduqdan sonra daha rəqabətə davamlı olacağıq. Ola bilsin, taktiki sistemi dəyişməyimiz müəyyən adaptasiya problemi yaradır, lakin fərdi səhvlər buraxılırsa, bu sistem yox, diqqətsizliyə görədir. Bəzən arxa-arxaya hər matçda qol buraxmaqdansa, bir oyunda çox qol buraxıb lazımi nəticəni çıxarmaq daha yaxşıdır.