Kişi boksçulardan ibarət Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub. Sport24.az xəbər verir ki, yığma ötən ildən Azərbaycan Boks Federasiyasında texniki direktor kimi çalışan özbəkistanlı Ravşan Xocayevə tapşırılıb.
44 yaşlı yeni baş məşqçi Özbəkistanın boks üzrə idman ustasıdır. O, məşqçilik fəaliyyətinə 1998-ci ildə başlayıb. Karyerası ərzində Özbəkistan, Asiya, dünya və Olimpiya çempionları yetişdirib.
2016-23-cü illərdə Özbəkistan Boks Federasiyasının Məşqçilər Şurasında çalışıb. İBA-nın 3 ulduz kateqoriyalı məşqçisi olan Xocayev, həmçinin Özbəkistan Respublikasının əməkdar məşqçisidir. "Dostluq Ordeni" ilə təltif olunub. 2016-cı ildə beynəlxalq premiyanın laureatı olub. Nəzəriyyə, metodika və idman üzrə professor elmi dərəcəsinə malikdir.
Qeyd edək ki, Xocayev bu postda müqaviləsi başa çatan kubalı Pedro Rokeni əvəzləyib.