"Valensiya"nın yeni təyin olunmuş idman direktoru Braulio Vaskes komandanın baş məşqçisi vəzifəsinə namizədlərin yekun siyahısını müəyyənləşdirib. Sport24.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

 

O, "Barselona" və "Atletik"in keçmiş çalışdırcısı Ernesto Valverde, "Olimpiakos"un sabiq baş məşqçisi Xose Luis Mendilibar, vaxtilə "Malyorka"nın "sükanı arxası"nda olmuş Xaqoba Arrasate və Qətərin "Əl-Rəyyan" klubunun hazırkı baş məşqçisi Visente Morenonu namizəd qismində nəzərdən keçirir.

 

Vaskes "Valensiya"da idman direktoru vəzifəsinin icrasına hələ dünən başlayıb. O, bundan əvvəl "Osasuna"da eyni vəzifəni tutub. "Yarasalar"ın rəhbərliyi yeni baş məşqçinin tapılması vəzifəsini ona həvalə edib.

 

Qeyd edək ki, mövsümün əvvəlindəki uğursuz nəticələrə görə, baş məşqçi Karlos Korberan dünən "Valensiya"dan qovulub.