"Zirə" – "Qarabağ" oyunu kifayət qədər maraqlı və gərgin keçdi. Hər iki komandanın turnir cədvəlindəki mövqeyi və mövsümə yaxşı başlaması bu qarşılaşmaya əlavə maraq yaradırdı". Bu sözləri Sport24.az-a açıqlamasında Vaqif Sadıqov deyib.

Məşqçilər Komitəsinin sədri Misli Premyer Liqasının 5-ci turunun mərkəzi qarşılaşması hesab olunan "Zirə" - "Qarabağ" matçı haqda fikirlərini bölüşüb:

"Zirə" əvvəlki turda "Sabah"a böyük hesabla məğlub olmuşdu və bu oyunda özünü toparlamalı idi. "Qarabağ" isə çempionluq iddiasını ortaya qoyan və hələ məğlub olmayan komanda kimi meydana çıxmışdı. Fikrimcə, "Zirə" bu görüşdə xarakter nümayiş etdirdi. "Sabah"la oyundakı ağır məğlubiyyətdən sonra belə bir rəqibə qarşı mübarizə aparmaq asan deyildi. "Qarabağ" da öz növbəsində oyun ərzində üstünlük yaratmağa çalışdı və hesabda geri düşdükdən sonra bərabərliyi təmin edə bildi. 1:1 hesabı, məncə, oyunun ümumi gedişinə uyğun nəticədir. "Qarabağ"ın ilk xal itkisi olsa da, bunu komanda üçün ciddi problem kimi qiymətləndirmək düzgün olmaz. Çempionat uzun marafondur. Belə görüşdə qazanılan və itirilən hər xalın mövsümün sonunda əhəmiyyəti ola bilər. "Zirə" üçün isə bu nəticə həm psixoloji, həm də turnir cədvəli baxımından vacibdir. Xüsusilə də "Sabah"la matçdan sonra "Qarabağ" kimi güclü rəqibdən xal almaq komandanın özünəinamını bərpa etməsinə kömək edə bilər. Qarşıdakı turlarda hər iki kollektiv daha məzmunlu oyun nümayiş etdirəcəyini düşünürəm".

Qeyd edək ki, "Zirə" – "Qarabağ" görüşü 1:1 hesabı ilə heç-heçə başa çatıb.