Sentyabrın 10-23-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Ümumdünya Şahmat Olimpiadasının proqramı açıqlanıb. Sport24.az xəbər verir ki, Təşkilat Komitəsi turların vaxtını müəyyənləşdirib.

 

Turnirin açılış turu sentyabrın 11-nə, sonuncu oyun günü isə ayın 22-nə təyin edilib. Sentyabrın 10-da isə təntənəli açılış mərasimi və kapitanların görüşü olacaq.

 

Ayın 17-i yarışda istirahət günü müəyyən edilib.

 

Olimpiada Macarıstanın ən müasir mərkəzlərindən biri olan, hər il 120-dən çox tədbirə ev sahibliyi edən və 10 minə qədər insanı qəbul edə bilən "BOK Sports Hall"da keçiriləcək.

 

Bu dəfə təşkil olunan Olimpiada bəzu rekordlarla yadda qalacaq. Kişilərin yarışında 193, qadınlarda isə 181 komanda mübarizə aparacaq. İki il əvvəl Çennai Olimpiadasında 188 kişi və 162 qadın komandası çıxış edib.

 

Qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət yığmasında Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Məhəmməd Muradlı və Aydın Süleymanlı, qadınlarda isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova yer alacaqlar.