"Misli Premyer Liqasının geridə qalan 6 turundan sonra artıq müəyyən komandaların digərlərindən bir addım öndə olduğunu görmək mümkündü". Bu sözləri Sport24.az-a açıqlamasında AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov deyib.
Təcrübəli mütəxəssis komandaların Misli Premyer Liqasında geridə qalan 6 turdan sonrakı çıxışlarını dəyərləndirib:
"Sabah", "Qarabağ", "Neftçi", "Zirə" və "Turan Tovuz" həm nəticə, həm də maliyyə imkanları baxımından digər klublardan fərqlənirlər. Bununla belə, cəmi 6 turdan sonra hansısa komandanı favorit hesab etmək düzgün olmaz. Mövsüm hələ uzundur və qarşıda çoxlu oyunlar var. Çempionatın aşağı pillələrində qərarlaşan komandaların isə səviyyə baxımından bir-birinə kifayət qədər yaxın olduğunu düşünürəm. Bu kollektivlərin hər biri digərini məğlub etmək gücündədir və belə oyunlarda əvvəlcədən nəticə proqnozlaşdırmaq çətindir. "Araz-Naxçıvan"ın 6 turdan sonra baş məşqçi Cavid Hüseynovla yollarını ayırması isə fikrimcə, düzgün qərar deyildi. Amma bu, klubun daxili işidir və qərarın səbəbləri rəhbərliyin özünə daha yaxşı məlumdur. "Sumqayıt" və "Araz-Naxçıvan" hazırda xal toplamaq baxımından müəyyən çətinliklər yaşayırlar. Lakin cəmi 6 turdan sonra bu iki komandanın mövsümün sonunda autsayder olacağını söyləmək də düzgün olmaz. Qarşıda uzun çempionat var və həm nəticələr, həm də turnir cədvəlindəki vəziyyət dəyişə bilər".
Qeyd edək ki, Misli Premyer Liqasında 19 günlük fasilə yaranıb. Buna səbəb milli komandalar üçün pəncərənin açılmasıdır. Premyer Liqada oyunlar bir də oktyabrın 9-da 7-ci turun matçları ilə bərpa olunacaq.