"Sabah" Futbol Akamdimiyasının koordinatoru Giorgi Minaşvili Sport24.az-a müsahibə verib. Gürcü mütəxəssis akademiyaya rəhbərlik etdiyi dönəmdə görülən işlərdən və qarşıya qoyulan məqsəddən danışıb.
- 2025-ci ilin sentyabrından "Sabah" Futbol Akademiyasında çalışırsınız. Bu müddət ərzində akademiyada müəyyən etdiyiniz əsas problemlər nələr olub və hansı istiqamətlər daha da inkişaf etdirilməlidir?
- "Sabah" Akademiyasında işə başlayanda daha da inkişaf etdirilməli əsas istiqamətlərdən biri vahid məşq metodologiyasının yaradılması və bütün yaş qruplarının eyni inkişaf proqramı əsasında çalışmasının təmin edilməsi idi.
Hazırda bu metodologiya artıq akademiyanın bütün yaş qruplarında tətbiq olunur. Bütün yaş qrupları strukturlaşdırılmış proqram əsasında çalışır və məşqçilərimiz bu sistemə yaxşı uyğunlaşıblar. İndi əsas diqqət proqramın tətbiqinin keyfiyyətinin və ardıcıllığının artırılmasına yönəlib.
Məşqçilərin inkişafı da davamlı prosesdir. Biz məşqçilərimizlə gündəlik işləyirik. Məşqlər əvvəlcədən müzakirə olunur və hazırlanır, hər məşqdən sonra isə görülən işləri təhlil edirik. Nələrin həyata keçirildiyini, hansı məqsədə çatmaq istədiyimizi, nələrin uğurlu alındığını, nələrin gözlənildiyi kimi getmədiyini, bunun səbəblərini və növbəti məşqdə işi necə təkmilləşdirə biləcəyimizi araşdırırıq. Deyərdim ki, artıq təməli qoyulub, aydın iş strukturu yaradılıb. Növbəti addım prosesin keyfiyyətini, xüsusilə məşqçilərin metodologiyanı anlamasını və gündəlik işlərində tətbiq etməsini davamlı şəkildə təkmilləşdirməkdir.
- "Sabah"ın əsas komandası artıqAzərbaycan futbolunun liderlərindən birinə çevrilib. Akademiyanın əsas komanda üçün futbolçu yetişdirməsi baxımından hazırda hansı mərhələdəyik? Yaxın illərdə A komandada daha çox akademiya yetirməsi görə bilərik?
- Əsas komandada oynamağa hazır futbolçuların yetişdirilməsi uzun müddət ərzində sistemli və hərtərəfli iş tələb edir. Bizim üçün futbolçunun inkişafı yalnız texniki və ya taktiki keyfiyyətlərlə məhdudlaşmır. Texniki, taktiki, fiziki, psixoloji və sosial inkişaf üzərində sistemli şəkildə işləyirik. Bütün bu istiqamətlər davamlı inkişaf etdirilməli və nəzarətdə saxlanılmalıdır.
Akademiyada yetişən futbolçuların əsas komandaya müntəzəm inteqrasiyasından danışırıqsa, fikrimcə, hazırda qurduğumuz sistemin ilk nəticələrini görmək üçün təxminən üç il vaxt lazımdır. Əlbəttə, hər futbolçu fərqli sürətlə inkişaf edir və kimsə daha tez hazır olarsa, onun qarşısında bu imkan həmişə açıq olmalıdır. Məqsədimiz aydındır: "Sabah"ın əsas komandasına yüksəlmək üçün kifayət qədər rəqabətqabiliyyətli futbolçular yetişdirmək. Qarşıdakı illərdə akademiyadan əsas komandaya aparan yolun ardıcıl və dayanıqlı prosesə çevrilməsini istəyirik.

- Akademiyaya futbolçu seçərkən əsas meyarlarınız hansılardır? Sizcə, Azərbaycanda uşaqların seçimində ən çox hansı məqam diqqətdən kənarda qalır?
- Futbolçunun inkişafının hər mərhələsinin öz standartları və xüsusi seçim meyarları var. U-9 komandası üçün futbolçunu U-17 komandasında tətbiq edilən meyarlarla qiymətləndirmək olmaz. Çünki gözləntilər və inkişaf prioritetləri tam fərqlidir.
Ümumi seçim çərçivəsi akademiyanın bütün yaş qruplarında oxşar ola bilər. Biz texniki bacarığı, taktiki anlayışı, fiziki keyfiyyətləri və şəxsi xüsusiyyətləri qiymətləndiririk. Lakin bu istiqamətlər üzrə konkret əsas fəaliyyət göstəriciləri (KPI) hər yaş qrupu üçün fərqlidir və futbolçunun inkişaf mərhələsinə uyğun olmalıdır.
Azərbaycanda seçim zamanı adətən nələrin diqqətdən kənarda qalmasına gəlincə, digər klubların daxili seçim proseslərini və hansı məqamlara üstünlük verdiklərini bilmədiyim üçün onların adından danışa bilmərəm. "Sabah" Akademiyasında isə futbolçunun şəxsi keyfiyyətlərinə böyük əhəmiyyət veririk. İstedad vacibdir, amma münasibətə, öyrənmək istəyinə, nizam-intizama, məsuliyyətə və mentalitetə də diqqət yetiririk. Bizim üçün bu keyfiyyətlər futbolçunun uzunmüddətli inkişaf potensialının qiymətləndirilməsinin vacib hissəsidir.
- Gürcüstan və Azərbaycan futbolunda oyunçunun inkişafı sistemi arasında əsas fərq nədi? "Sabah"a qoşulduqdan sonra Azərbaycandakı futbol mühitində sizi ən çox nə təəccübləndirib?
- Düşünürəm ki, müxtəlif ölkələrin futbolçu inkişafı sistemlərini müqayisə edərkən ehtiyatlı olmalıyıq. Hər ölkənin öz futbol mədəniyyəti, ənənələri və mühiti var və bunlara həmişə hörmətlə yanaşmaq lazımdır. Təcrübəmə əsasən deyə bilərəm ki, Gürcüstanda gənc futbolçuların peşəkar və beynəlxalq futbola hazırlanması üçün daha oturuşmuş inkişaf yolu formalaşıb. Strukturlaşdırılmış inkişafa, skautinqə, oyunçuların fərdi inkişafına və gənclərə peşəkar futbola doğru irəliləmək imkanının yaradılmasına ciddi diqqət yetirilib. Bu proses bir çox gürcü futbolçunun Avropa səviyyəsində rəqabətqabiliyyətli olmasına kömək edib.
Azərbaycanda da istedadlı gənc futbolçular və yaxşı potensial var. Məncə, növbəti vacib addım aydın inkişaf mərhələləri, məşqçilərin yüksək səviyyəli hazırlığı, fərdi inkişaf proqramları, rəqabətli gənclər liqaları və akademiya futbolundan peşəkar səviyyəyə aparan aydın yolu olan sabit sistemin inkişafını davam etdirməkdir. Azərbaycana gəldikdən sonra məni müsbət mənada təəccübləndirən məqam inkişaf potensialı və bunun üçün mövcud şərait oldu. Xüsusilə "Sabah"da peşəkar iş mühiti, yaxşı infrastruktur, motivasiyalı məşqçi və əməkdaş heyəti, ən əsası isə akademiyanın inkişafının əhəmiyyətini anlayan, buna vaxt və resurs ayırmağa hazır olan klub rəhbərliyi ilə qarşılaşdım. Mənim üçün potensialın mövcudluğu aydındır. Əsas məsələ işi ardıcıl və sistemli şəkildə davam etdirməkdir.

- Akademiyanın məşqçilərinin hazırlığı və metodologiyası ilə bağlı hansı dəyişikliklər üzərində işləyirsiniz? "Sabah"a beynəlxalq təcrübənin gətirilməsinə yönəlmiş konkret layihələr varmı?
- Bu, mənim şəxsi yanaşmamdır, amma başqa ölkənin və ya akademiyanın inkişaf proqramını sadəcə köçürüb olduğu kimi tətbiq etməyin doğru olduğuna inanmıram.
Məncə, metodologiya yaratmazdan əvvəl yerli futbol mədəniyyətini, ənənələri, oyun xüsusiyyətlərini, güclü və zəif tərəfləri anlamaq vacibdir. Eyni zamanda klubun öz fəlsəfəsi və baxışı da həmişə nəzərə alınmalıdır. Yalnız bu amilləri anladıqdan sonra futbolçularımıza və mühitimizə uyğun inkişaf proqramı qura bilərik.
Azərbaycandakı ilk ilim ərzində yerli futbol mühitini — onun ənənələrini, güclü tərəflərini və müasir futbolun tələblərinə cavab vermək üçün daha da inkişaf etdirilməli istiqamətləri müşahidə etməyə və anlamağa çox vaxt ayırdım. Bu təcrübəyə əsaslanaraq, məhz "Sabah" Akademiyası üçün tam futbolçu inkişaf proqramı hazırlamağa başladıq.
Bu proqram akademiya məşqçilərimiz üçün praktiki çərçivə və bələdçi rolunu oynayacaq. Proqram hər yaş və inkişaf mərhələsi üzrə məqsəd və prioritetləri aydın şəkildə müəyyənləşdirəcək, məşqçilərə gündəlik işlərini akademiyanın metodologiyasına uyğun planlaşdırmaqda və təşkil etməkdə kömək edəcək.
Beynəlxalq təcrübə də bu prosesin vacib hissəsidir. Biz beynəlxalq təcrübəyə malik fiziki hazırlıq mütəxəssisi dəvət etmişik və onun rəhbərliyi altında akademiyada fiziki hazırlıq şöbəsi yaratmışıq. Bu, futbolçularımızın fiziki inkişafına, test edilməsinə, göstəricilərinin izlənməsinə və fərdi ehtiyaclarına daha sistemli yanaşma qurmağa imkan verir.
Beynəlxalq akademiyalara səfərlər də planlaşdırırıq. Məqsəd bilik mübadiləsi aparmaq, müxtəlif iş mühitlərini müşahidə etmək, öz sistemimizi təkmilləşdirməyə kömək edəcək ideya və məlumatları əldə etməkdir. Mənim üçün beynəlxalq əməkdaşlıq başqa ölkənin modelini kopyalamaq demək deyil. Müxtəlif təcrübələrdən öyrənmək, bizə uyğun ideyaları seçmək, onları "Sabah"ın fəlsəfəsinə və Azərbaycan futbolunun reallıqlarına uyğunlaşdırmaq istəyirik. Özünəməxsus "Sabah" kimliyinə malik güclü və dayanıqlı metodologiyanı yalnız bu yolla qura bilərik.
- U-13, U-15, U-17 və U-19 səviyyələrində futbolçuların inkişafını necə qiymətləndirirsiniz? Kubok qazanmaq və ya liqada müəyyən mövqe tutmaq sizə vacibdir, yoxsa əsas məqsəd futbolçuların fərdi inkişafıdır?
- İlk növbədə qeyd etmək istərdim ki, hazırda məsul olduğum "Sabah" Akademiyasının strukturu U-8-dən U-17-dək yaş qruplarını əhatə edir. İnkişaf yolumuzu dörd mərhələyə bölmüşük: birinci mərhələ — U-8-dən U-10-dək, ikinci mərhələ — U-11-dən U-13-dək, üçüncü mərhələ — U-14-dən U-15-dək, dördüncü mərhələ isə U-16-dan U-17-dək. Hər mərhələnin öz məqsədləri, prioritetləri və inkişaf meyarları var.
Əlbəttə, oyunlarda və turnirlərdə qalib gəlmək istəyirik. Qalib mentalitetinin formalaşdırılması və rəqabət aparmağın öyrənilməsi futbolçunun hazırlığının vacib hissələridir. Lakin uşaq və yeniyetmə futbolunda nəticə heç vaxt futbolçunun inkişafından daha vacib olmamalıdır.
Mənim üçün akademiyanın əsas məqsədi komanda daxilində futbolçuların fərdi inkişafıdır. Kubok və ya liqadakı mövqe müsbət göstərici ola bilər, amma akademiyanın uğurunun əsas ölçüsü deyil. Ən əsas göstərici futbolçuların bir inkişaf mərhələsindən digərinə necə irəliləməsi, texniki, taktiki, fiziki, psixoloji və sosial baxımdan necə təkmilləşməsi, sonda isə onlardan neçəsinin peşəkar futbola və "Sabah"ın əsas komandasına keçid etmək üçün kifayət qədər hazır və rəqabətqabiliyyətli olmasıdır.
- "Sabah" Futbol Akademiyası Avropa səviyyəsində oynamağa qadir futbolçular yetişdirməyi hədəfləyirmi? Bu məqsədə çatmaq üçün hansı istiqamətlərə xüsusi diqqət yetirilir?
- Əlbəttə. Əsas məqsədimiz "Sabah" Akademiyasında A komandasında oynaya, Azərbaycanı aşağı yaş qrupları və əsas millisində forma geyə biləcək, həmçinin Avropa səviyyəsində rəqabət apara biləcək futbolçular yetişdirməkdir. Məhz buna görə bizi tədricən bu məqsədə aparmalı olan inkişaf yolunu seçmişik. Bunun vaxt, ardıcıl iş və düzgün inkişaf mühiti tələb etdiyini anlayırıq.
Akademiyanın inkişaf proqramı və metodologiyası ilə yanaşı, ən vacib istiqamətlərdən biri beynəlxalq turnirlərdə və yüksək səviyyəli oyunlarda müntəzəm iştirakdır. Bu oyunlar bizim üçün güzgü rolunu oynayır. Onlar Avropa səviyyəsi ilə müqayisədə harada olduğumuzu anlamağa və yerli çempionatda həmişə görünməyən problemləri müəyyənləşdirməyə kömək edir.
Məsələn, bu yaxınlarda akademiyamızın yuxarı yaş qruplarından biri bir neçə beynəlxalq oyun keçirdi və əsas çətinliklərdən biri çox aydın göründü — məhdud zaman və məkan şəraitində oynamaq. Azərbaycan çempionatının liderlərindən olan, hücumameyilli, aqressiv və ağıllı futbol oynamağa çalışan komanda güclü beynəlxalq rəqiblərlə görüşlərdə daha yüksək sürət, intensivlik və təzyiqlə üzləşdi. Bu, həmin istiqamətdə hələ çox iş görməli olduğumuzu aydın göstərdi. Bu səbəbdən hesab edirəm ki, futbolçuların inkişafı ilə yanaşı, yerli çempionatın ümumi səviyyəsini və rəqabət mühitini də yaxşılaşdırmaq vacibdir. Gənc futbolçuların qərar qəbul etmək və hərəkətlərini icra etmək üçün daha az vaxt və məkan tapdıqları yüksək intensivlikli oyunlara daha çox ehtiyacı var.
Futbolçularımızın gələcəkdə Avropa səviyyəsində rəqabətqabiliyyətli olmasını istəyiriksə, onlar bu tələblərin mövcud olduğu mühitdə müntəzəm oynamalı və inkişaf etməlidirlər.
- Son bir ildəki müşahidələrinizə əsasən, "Sabah" Futbol Akademiyasının Azərbaycan futboluna ən böyük töhfəsi nə ola bilər?
- Mənim üçün akademiyanın real təsiri uzunmüddətli perspektivdə qiymətləndirilməlidir. Töhfəmiz Azərbaycanı aşağı yaş qrupları və əsas milli komanda səviyyəsində təmsil edə biləcək, "Sabah"ın əsas komandasına yüksəlib Avropa səviyyəsində rəqabət apara biləcək futbolçuların, eləcə də müasir futbol standartlarına uyğun olaraq azərbaycanlı oyunçuların növbəti nəslini yetişdirə biləcək məşqçilərin hazırlanması ilə ölçülməlidir.
Bu isə vaxt, ardıcıllıq və sistemli iş tələb edir. Daha qısa müddətli perspektivdə müsbət göstəricilərdən biri "Sabah" Akademiyasının artıq Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarına müntəzəm futbolçu verməsidir. İnanıram ki, eyni istiqamətdə işləməyə davam etsək, qarşıdakı illərdə Azərbaycan futboluna töhfəmiz daha aydın görünəcək.