Braziliya Futbol Konfederasiyası (CBF) ölkə çempionatlarında xarici futbolçuların sayının tədricən azaldılması ilə bağlı qərar qəbul edib. Sport24.az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyası (CBF) mətbuat məlumat yayıb.

Yeni qaydalara əsasən, həm yüksək liqada, həm də ikinci divizionda klubların oyun protokoluna daxil edə biləcəyi əcnəbi futbolçuların sayı mərhələli şəkildə aşağı salınacaq. Hazırda 9 legionerə icazə verildiyi halda, bu rəqəm 2027-ci ildə 8, 2028-ci ildə 7, 2029-cu ildə 6, 2030-cu ildə isə 5 olacaq.

CBF bu qərarla Braziliyada yetişən gənc futbolçuların daha çox oyun imkanına sahib olmasını və yerli istedadların inkişafına şərait yaradılmasını hədəfləyir.

Bundan başqa, 2027-ci ildən etibarən klublar 50 futbolçudan ibarət qeydiyyat siyahısında 23 yaşadək oyunçular üçün müəyyən sayda yer ayırmalı olacaq. Bu rəqəm 2027-ci ildə minimum 20, 2028-ci ildə 21, 2029-cu ildə 23, 2030-cu ildə isə 25 futbolçu olacaq.

Qeyd edək ki, Braziliya çempionatında legionerlərin sayı son illərdə əhəmiyyətli dərəcədə artıb. CBF-in araşdırmasına əsasən, yüksək liqada çıxış edən xarici futbolçuların sayı 2022-ci ildə 95 olduğu halda, 2025-ci ildə 162-yə yüksəlib.