AFFA tərəfindən qəbul edilimiş Futbolun İnkişaf Strategiyasına uyğun olaraq noyabrın 10-da Bayıl stadionundakı Futbol İnkişaf Mərkəzində D kateqoriyalı məşqçi kursunun növbəti təlimlərinə start verilib. Sport24.az xəbər verir ki, kursun açılış mərasimində BFF prezidenti Tahir Süleymanov çıxış edərək D kurslarının mahiyyəti və əhəmiyyəti barədə məlumat verib və iştirakçılara uğurlar arzulayıb.

 

AFFA və Bakı Futbol Federasiyasının birgə təşkilatçılığı ilə bu mövsümdə dördüncü dəfə keçirilən kursun özəlliyi ondan ibarətdir ki, təşkilatçılar ölkə futbolunda ilk dəfə Region liqası komandalarında çalışan, lakin sertifikatı olmayan məşqçilər, əməkdaşlar və rəsmi şəxslər üçün kateqoriya almaq şəraiti yaradıb. Emin Hüseynov, Elmir Zodanov, Ceyhun Əliyev (hər üçü "Fençinq" FK), Baloğlan Həsənov ("Ramana" FK), Kamran Məmmədli ("Mil" İK), Fərid Şirinzadə ("Cəngi" FK), Elçin Həsənov ("Xan Çinar" FK), Qanı Nəsirov ("Topçular" FK), Zaur Mustafayev ("Mübariz", Binə), Asiman Cəfərli ("Kaspian" FK), Namiq Teyyubov ("Qaradağ Şıxlar" FK), Yalçın Əliyev ("İnşaatçı Sabirabad" FK) və Elbrus Baxşaliyev ("Qobustan" FK) D kursuna cəlb olunublar.

 

Təlim AFFA-nın məşqçi-təlimatçıları İlham Əzizzadə və Mehdi İbrahimov tərəfindən aparılır.

 

Qeyd edək ki, noyabrın 12-ə qədər davam edəcək kursun sonunda təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.