Litva millisinin baş məşqçisi Edqaras Yankauskas müsahibə verib. Sport24.az xəbər verir ki, ölkəsinin mətbuat xidmətinə danışan mütəxəssis Azərbaycanla oyunlardan söz açıb:
"Bilirəm ki, hər matç bizim üçün vacib olacaq və hər birində qələbə üçün mübarizə aparacağıq, ən yaxşı performansımızı göstərməyə çalışacağıq. İndi öz səviyyəmizdəki rəqiblərə qarşı oynayacağıq. Azərbaycan komandası reytinqdə bir qədər yüksəkdə olsa da, bunun o qədər də əhəmiyyət kəsb etmədiyini düşünürəm. İnanıram ki, zehni, fiziki və taktiki cəhətdən daha yaxşı hazırlıqlı komandalar qalib gələcək.
Azərbaycan limitdən imtina etdi və onların klubları Çempionlar Liqasında çıxış edir, bəs onlarda nə qədər yerli oyunçu oynayır? Milli komanda üçün tələblər nədir? Düşünürəm ki, Azərbaycanda prioritet klub futboludur, milli komandaya çox təzyiq yoxdur. Onlar bu yolu seçiblər. Düşünürəm ki, bizimki fərqli olmalıdır. Milli komandanın təzyiqi, tələbləri və gözləntiləri burada daha yüksəkdir".
Mütəxəssis "Sabah"da çalışan həmyerlisi Valdas Dambrauskasla söhbət edəcəyini bildirib:
"Mən Azərbaycan çempionatı ilə yaxşı tanışam. Bəlkə də Valdasla şəxsi söhbətimiz olacaq və o, bəzi fikirlərini bölüşəcək. Bilirəm ki, o, komandamızın böyük azarkeşidir və yəqin ki, bizim üçün faydalı ola biləcək detalları gizlətməyəcək".
Qeyd edək ki, Azərbaycan sentyabrın 27-də səfərdə, oktyabrın 4-ü isə Bakıda Litva ilə qarşılaşacaq.