Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində şahmat üzrə dünya çempionluğu uğrunda görüş start götürüb. Sport24.az xəbər verir ki, qarşılaşma norveçli hazırkı dünya çempionu Maqnus Karlsen və İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşi arasında keçirilir. Nepomnyaşinin ağ fiqurlarla oynadığı ilk partiya 45-ci gedişdə heç-heçə ilə yekunlaşıb.

Tərəflər dekabrın 14-dək ümumilikdə 14 dəfə görüşəcək. Yekunda heç-heçə qeydə alınacağı təqdirdə, sürətli şahmat üzrə 4 partiya keçiriləcək. Bu dəfə də qalib müəyyənləşməsə, əvvəlcə 2, ehtiyac yaranarsa, daha 5 blits partiya olacaq. Heç-heçələr davam etsə, "Armageddon"a müraciət olunacaq. Qalib 1,2 milyon avro, məğlub tərəf 800 min avro qazanacaq.

Qeyd edək ki, Karlsen 2013-cü ildə hindistanlı Vişvanatan Ananda qalib gələrək, karyerasında ilk dəfə dünya çempionluğuna yiyələnib. O, daha sonra 4 dəfə titulunu qoruyub.