"Dünənki oyunda hamı millidən qələbə gözləyirdi. Şəxsən mən də komandanın meydandan 3 xalla ayrılacağını düşünürdüm. Sadəcə, real qol imkanlarından istifadə olunmadı". Bu sözləri Sport24.az-a açıqlamasında Elmar Baxşıyev deyib.
"Araz-Naxçıvan"ın sabiq baş məşqçisi millinin UEFA Millətlər Liqasının qrup mərhələsində Lixtenşteynlə qolsuz heç-heçə etdiyi oyunla bağlı fikirlərini bölüşüb:
"Təəssüf ki, futbolçular yaratdıqları imkanlardan istifadə edə bilmədilər. Millinin zəif futbolçulardan formalaşdığı fikiri ilə razılaşmıram. Heyətdə kifayət qədər təcrübəli və avrokuboklarda yetərincə matç keçirmiş, beynəlxalq təcrübəyə malik oyunçular da yer alır. Buna görə də heyətin zəif olduğunu düşünmürəm. Əlbəttə, bəzi mövqelərdə çatışmazlıqlar ola bilər. Lakin meydanda olan futbolçuların potensialı nəticə qazanmağa imkan verirdi. Sadəcə, son nöqtəni qoya bilmdilər. Məncə, əsas problem heyətin zəif olması yox, oyunun ayrı-ayrı epizodlarında üstünlüyü nəticəyə çevirə bilməməyimizdə idi. Azarkeşlər belə oyunlarda qələbə gözləyirlər və futbolçular da yaradılan imkanlardan maksimum istifadə etməlidirlər".
Qeyd edək ki, hazırda aktivində 2 xalı olan Azərbaycan millisi qrupda ikinci pillədə qərarlaşıb. Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv növbəti matçını oktyabrın 4-də Bakıda Litvaya qarşı keçirəcək.