Azərbaycan millisinin UEFA Millətlər Liqasının qrupunda lider olmaq şansı azalıb. Sport24.az xəbər verir ki, bu barədə turnirdəki ehtimalları hesablayan "Football Meets Data" məlumat yayıb.

Buna Ayxan Abbasovun baş məşqçisi olduğu komandanın ötən gün Bakıda D Liqasının 2-ci qrupunun oyununda Lixtenşteynlə qolsuz heç-heçə etməsi səbəb olub.

Bu nəticədən sonra Azərbaycan millisinin qrup lideri olmaq ehtimalı 57,7 faizdən 36,9 faizə enib. Yığmanın ikinci pilləni tutmaq şansı isə 54,8 faiz qiymətləndirilir.

Komandanın qrupda üçüncü yeri tutmaq ehtimalı 8,3 faiz təşkil edir. Lakin Azərbaycan millisi üçün əsas məsələ yalnız qrupdakı mövqe deyil.

D Liqasının ən yaxşı komandası olmaq AVRO-2028-in seçmə mərhələsinin pley-offunda iştirak etmək baxımından xüsusi əhəmiyyət daşıyır.

Lixtenşteynlə heç-heçə isə bu istiqamətdə də millimizin vəziyyətini xeyli çətinləşdirib.

Hazırda Azərbaycan millisinin AVRO-2028-in pley-offuna yüksəlmək şansı yalnız nəzəri xarakter daşıyır. Bu baxımdan D Liqasının 1-ci qrupunun lideri Malta (4 xal) daha əlverişli vəziyyətdədir.