UEFA Millətlər Liqasının III turunda keçirilən Azərbaycan – Lixtenşteyn oyunundan (0:0) sonra millinin çalışdırıcısı Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:
– Qələbə qazanmaq istəyirdik, təəssüf ki, alınmadı. Vəziyyətimizi çətinləşdirdik. Qarşıdakı iki oyunu mütləq qazanmalıyıq. Şanslar yaratdıq, amma istifadə edə bilmədik. Tempi istədiyimiz kimi artırmağı bacarmadıq. Bu gün günahkar axtarmayacağıq. Bütün məsuliyyət məndədir. Futbolçular çox çalışdılar, təhlillər edəcəyik. Çıxış yolumuz növbəti oyunları qazanmaqdır.
– Rəqib baş məşqçi etiraf etdi ki, peşəkar komanda deyilik. Bəs bizim millimizin futbolçuları hansı sahədə çalışsa, yaxşı nəticə olar?
– Bilirəm, bu gün qələbə qazanmağa məcbur idik. Rəqibi müzakirə etmək mənə düşmür. Bu gün performansımızdan aşağı çıxış etdik. Vəziyyəti düzəltmək üçün Litvaya qalib gəlməliyik.
– Rəhbərlik sizi istefaya göndərmək istəsə, təzminatdan imtina edəcəksiniz?
– Müqaviləmiz qışa qədərdir. Bura milli komandadır. Ən ağır dönəmdə gəlmişik, çətin məsuliyyəti üzərimizə götürdük. Rəhbərlik hansı qərarı verərsə, onlarla razılaşacağam. Bu gün futbolumuzda başqa problemlər var. Hər şeyi zaman göstərəcək.
– Oyuna hücum futbolu ilə başlamanız sürpriz oldu…
– Sürpriz? Nə deyim…
– Matçın əvvəlində sanki oyunçularda gərginlik var idi. Xüsusilə, Vüsal çox aqressiv oynayırdı. Bu, nə ilə bağlıdır?
– Vüsal həmişə aqressiv oynayıb. Bu gün də çox istəkli idi. Rəqibə hörmətlə yanaşırdıq. Sadəcə hücumlarımız kəsərli alınmırdı. Az elədik, olmadı. San Marino və ya digər rəqiblərdən Lixtenşteynin fərqi o idi ki, bunlar kompakt müdafiə olunur. Biz onların müdafiə xəttini yara bilmədik.
– Komandanı Litva ilə oyuna necə hazırlayacaqsınız?
– Çətin olacaq, amma məsuliyyət məndədir. Səhvlərimizi təhlil edəcəyik. Önəmlisi, qarşıdakı iki gündə həm bərpa olmalı, həm matça hazırlaşmalıyıq. Rotasiyalarımız olacaq. 4 oyun eyni heyətlə oynamaq mümkün deyil.
– Sizcə, gəlişinizdən sonra komandada inkişaf var?
– Real danışaq, bu gün özümü tərifləməyəcəyəm. Qələbələr qazanan komandaya gəlməmişdim. Mən gələndə İslandiyadan 5 qol buraxmışdıq, yoldaşlıq oyunlarında 0:3, 0:3-lər olurdu. Gəlişimdən sonra komandada ruh yüksəkliyi, artım var. Böyükhesablı məğlubiyyətimiz tək Fransaya qarşı olub. Vaxt lazımdır. Bu gün mən və ya başqası, iş üçün zamana ehtiyac var. Neçə oyundur uduzmuruq, amma qələbə də qazana bilmirik.
– Son 20 ildə millinin ən rüsvayçı məğlubiyyətlərini görmüşük. İndi isə sanki yeni dönəm başladı. Siz özünüz psixoloji olaraq, tənqidləri qəbul edə biləcəksiniz?
– Buraya gələndə hansı yükün altına girəcəyimi bilirdim. Milli ölkənin bir nömrəli komandasıdır. Burada böyük təzyiq var. Təzyiqləri qəbul etməliyik, inşallah, öhdəsindən gələrik.
– Azərbaycan futbolunda işıq görürsünüz?
– Uzun söhbətdir, dediklərimizi təkrarlayacağıq. Yerli futbolçularımız azdır, klubların gənclərə üstünlük verməsini istərdik. Bu gün U-21-də rotasiya imkanı azdır. Məncə, aşağıdan başlamalıyıq. Klublara, akademiyalara böyük iş düşür. Bilirik ki, əlimizdə olan material budur.
– Qapıya zərbələr üzərində işləyəcəksiniz?
– Bu, klubların işidir. Oyunçular milliyə hazır gəlməlidir. Ümid edək, inanaq, inşallah, Litva ilə matçda qollar olacaq.