"Sumqayıt" Basketbol Klubunun baş məşqçisi Uğur Özdemir Azərbaycan çempionatının ilk turunda NTD ilə keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında əvvəlcə komandanın yeni mövsümdəki hədəflərindən danışıb:
"Əsas hədəfimiz Sumqayıt şəhərini layiqincə təmsil edən komanda formalaşdırmaqdır. Bunun üzərində işləyirik. Hazırlığa bir qədər gec başladıq. Tam hazır olduqdan sonra hədəflərimizi konkret müəyyənləşdirə biləcəyik. Amma gündən-günə iddiamızı artırmaq üçün əlimizdən gələni edəcəyik. Mövsümün sonunda layiq olduğumuz yerdə qərarlaşmaq istəyirik".
Özdemir NTD ilə qarşılaşmaya da toxunub:
"Rəqib çempionatın ən hörmət edilən komandalarından biridir. NTD bu mövsüm fərqli strategiya ilə mübarizə aparacaq. Komanda əsasən yerli oyunçulara üstünlük verəcək və heyətdə cəmi iki legioner basketbolçu olacaq. Məqsədimiz daha yaxşı oynayaraq qalib gəlməkdir. Bununla belə, rəqibin təcrübəli olduğunu da unutmuruq. Baş məşqçiləri də təcrübəli mütəxəssisdir. Buna baxmayaraq, meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Çempionata uğurlu start vermək bizim üçün vacibdir".