Bakıda üzgüçülük üzrə Dünya Kubokunun mərhələ yarışlarına start verilib. Sport24.az xəbər verir ki, turnirin təntənəli açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov çıxış edib.

 

Nazir çıxışında Bakı mərhələsinin ölkə üçün yeni bir idman bayramı olduğunu vurğulayıb:

 

"Azərbaycanda ilk dəfədir ki, üzgüçülük üzrə Dünya Kubokunun mərhələsi təşkil olunur. Bu əlamətdar hadisə münasibətilə hər birinizi təbrik edirəm. Göstərilən etimada görə Beynəlxalq Üzgüçülük Federasiyasına, yarışın yüksək səviyyədə təşkilinə görə Azərbaycan Üzgüçülük Federasiyasına və əlbəttə ki, idmançılara dəstək olan azarkeşlərimizə minnatdarlığımı bildirirəm".

 

Fərid Qayıbov Azərbaycan Prezidenti İlham Əliyevin idman sahəsində yürütdüyü məqsədyönlü dövlət siyasəti sayəsində ölkədə hər ay yeni uğurlara imza atıldığını diqqətə çatdırıb.

 

Bakının 2026-cı il üçün "Dünya idman paytaxtı" seçildiyini xatırladan nazir mübarizə aparacaq bütün üzgüçülərə uğurlar, paytaxtımızın qonaqlarına isə xoş istirahətlər arzulayıb.