Çətin hazırlıq prosesinə baxmayaraq, Azərbaycan idmançıları "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin kayak və kanoe yarışlarında medallar qazanıblar. Sport24.az xəbər verir ki, bunu Azərbaycan kayakçısı və kanoeçisi Mustafa Vəlizadə deyib.
"İki nəfərlik kayak və kanoe növündə 2011-ci il təvəllüdlülər arasında 1000 metr məsafədə gümüş medala sahib oldum. Bugünkü yarışda bir nəfərlik kayak-kanoe növündə 2010–2011-ci il təvəllüdlülər arasında 500 metr məsafədə qızıl, iki nəfərlik qayıqda isə yenə gümüş medal qazandım", - o bildirib.
M.Vəlizadə turnirə hazırlıq mərhələsindən bəhs edib:
"Mübarizəyə hazırlıq çox ağır keçdi. Çox əziyyət çəkdik, gərgin məşqlər etdik. Bütün bunlara baxmayaraq, medallar qazana bildik".
İdmançı hava şəraitinin yarışa təsirinə də toxunub:
"Dünən hava bir az əlverişsiz və küləkli olduğu üçün mübarizə aparmaq çətin idi. Bugünkü yarışda isə hava sakit keçdi".
Azərbaycan təmsilçiləri Füzulidəki Köndələnçay su anbarında start götürən və bu gün Mingəçevirdə bitən yarışı 22 medalla başa vurublar. Mükafatlardan 7-nin əyarı qızıl, 5-i gümüş, 10-u isə bürünc olub.
Kayak və kanoe növündə ümumi komanda hesabında Özbəkistan birinci, Azərbaycan ikinci, Ukrayna üçüncü olub. Akademilk avarçəkmə üzrə isə ilk "üçlük"də Özbəkistan, Azərbaycan və Gürcüstan qərarlaşıb.
Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparıb.