Bu gün güləş üzrə Avropa çempionatında ilk mükafatçılar bəlli olacaq. sport24.az xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan yarışın ikinci günündə 55, 63, 77, 87 və 130 kq çəkidə mübarizə aparan yunan-Roma güləşçiləri qızıl və bürünc qarşılaşmalarına çıxacaqlar.

 


Ardıcıl iki qələbə ilə finala adlayan Rəşad Məmmədov 55 kq-da qızıl medal üçün güləşəcək. Avropa çempionatının debütantı həlledici qarşılaşmada moldovalı Artyom Deleanu ilə üz-üzə gələcək.


Üç qələbə ilə finala yüksələn Murad Məmmədov ilk qızılını qazanmaq üçün mübarizə aparacaq. Həm dünya, həm Avropada gümüş və bürünc qazanmış təmsilçimiz 63 kq-da final görüşündə ukraynalı Aleksandr Qruşinlə yarışacaq.


Avropa çempionatlarının gümüş və ikiqat bürünc mükafatçısı İslam Abbasov 87 kq-da 4-cü medalı üçün xalçaya çıxacaq. Onun üçüncü yer uğrunda qarşılaşmadakı rəqibi bu gün bəlli olacaq.


Beka Kandelaki də bu gün bürünc uğrunda mübarizə aparacaq. Dünya kubokunun üçüncüsü olan pəhləvanımızın 130kq-da rəqibi təsəlliverici qarşılaşmada bəlli olacaq.

 

Qeyd edək ki, bu gün yunan-Roma güləşi millimizin digər 5 üzvü də mübarizəyə başlayacaq.