Formula 1 üzrə yeni mövsüm start götürüb. Sport24.az xəbər verir ki, Bəhreynin “Sahir” trasında keçirilən mövsümün ilk Qran-prisinin təsnifat mərhələsi maraqlı mübarizə şəraitində keçib.

Gözlənildiyi kimi, “Red Bull” pilotları artıq ilk mərhələdən üstünlüyü ələ alıb. Son iki mövsümün çempionu Maks Ferstappen hər üç seqmentdə uğurlu çıxış edərək “poul-pozişn”ı ələ keçirib. Onun komanda yoldaşı Serxio Peres ikinci olub. Sonrakı iki pilləni “Ferrari” pilotları tutub.

Ötən mövsümün ikincisi Şarl Lekler Bəhreyndə yarışa 3-cü sıradan başlayacaq. Karlos Sayns isə 4-cü ən yaxşı nəticəni göstərib.

Keçəm mövsümə qədər “Alpin”də çıxış edən ikiqat dünya çempionu Fernando Alonso “Aston Martin”dəki debütündə heç də pis təsir bağışlamayıb. İspaniyalı həlledici mərhələdə 5-ci sıradan start götürəcək. Ötən mövsümü uğursuz keçirən “Mersedes” pilotları mövsümün ilk yarışında da xoş təsir bağışlamayıb. Corc Rassel “Saxir”dəki təsnifat mərhələsində 6-cı, 7 qat dünya çempionu Lüis Hemilton isə 7-ci yeri tutub.

Final mərhələsi bazar günü saat 19:00-da start götürəcək.