"İmişli"nin baş məşqçisi Fərid Namazovun Sport24.az-a müsahibəsi

- Komandanız sizin rəhbərliyiniz altında Premyer Liqaya vəsiqə qazanıb. Bununla bağlı təəssüratlarınız necədir?
- 19 illik fasilədən sonra Premyer Liqaya qayıtmaq gözəl hisslərdir. Bəlkə də İmişli əhalisi bunu bizdən daha çox istəyirdi. Onlar bir müddət futbolsuz qalmışdı. Stadion da baxımsız idi. Amma 2022-ci ildən sonra yenidən böyük futbola qayıtdı. 2025-ci ildə isə elitaya yüksəldi.


- AFFA-nın Lisenziya Komissiyası da "İmişli"yə icazə verib...
- Əslində, mən bildiyim qədər keçən il də komanda bütün tələblərə cavab vermişdi. Sadəcə, turnir cədvəlindəki mövqeyə görə elitaya vəsiqə əldə olunmadı. Həmin vaxt "Şamaxı" vəsiqə qazanmışdı. Bu il əsas komanda ilə necə maraqlanırdıqsa, lisenziyalaşdırmanın tələblərini yerinə yetirmək üçün əlimizdən gələni edirdik. Orada bir çox meyar var. Onları tamamlamaq lazım idi. Rəhbərlik bunun öhdəsindən gəldi. İşin içində olan adam kimi deyə bilərəm ki, hamı gecə-gündüz bunun üçün çalışırdı. Çünki bilirdik ki, I Liqada yer tutsaq, lisenziya meyarlarına cavab verə bilməsək, Premyer Liqaya buraxılmayacağıq. Şükürlər olsun ki, bunun öhtəsindən gəldik.


- Komandanın cari mövsüm I Liqadakı çıxışını necə dəyərləndirirsiniz?
- Mövsümün bəlli hissəsində enişli-çıxışlı dövr oldu. Amma son iki ayda komanda məğlub olmur. Sabit çıxış edirik. Şəhər olaraq hamı birləşdi, Premyer Liqanı istədi. Bunun da öhdəsindən gəldik. Bəlkə də çox xallar itirməsəydik, "Qəbələ"yə daha yaxın olardıq. Boşluq verib itirdiyimiz xallar bizi liderdən uzaq saldı. Amma elitaya yüksəlmişik. İndiki məqamda əsas olan budur.


- Premyer Liqadan söz düşmüşkən növbəti mövsüm əsas hədəfiniz nə olacaq?
- Bəlkə də gecikirik. Amma I Liqada son iki turu bitirəndən sonra bu məsələlərlə bağlı danışmaq daha doğru olar. Lakin birdən-birə böyük klublarla mübarizə aparmaq çətin olacaq. Hələlik komandanın qarşısına hədəf qoyulmayıb. Buna uyğun olaraq planlar müəyyənləşdiriləcək.


- "İmişli"nin sizinlə yollarını ayıracağı yönündə xəbərlər dolaşır. Sizə yeni mövsüm üçün təklif olubmu?
- Bununla bağlı rəhbərliklə danışmamışıq. Belə söz-söhbətlər olur. İki turu bitirəndən sonra yəqin ki, söhbət edəcəyik. Çempionatda iki matçımız qalıb. Bu görüşlərdə maksimum nəticə əldə etmək mövsümü ikinci sırada bitirmək kimi də bir niyyətimiz var. Bundan sonra belə məsələlər barədə danışmaq olar.


- Premyer Liqada legioner limiti ləğv olunur. Komandada qalsanız, klubun büdcəsini də nəzərə alsaq, daha çox yerlilərə şans verəcəyini deyə bilərik?
- Bu məsələ rəhbərliyin, bizim qarşıya qoyacağımız hədəfə, məqsədə bağlıdır. Çünki məqsəd yuxarı yerlər uğrunda olsa, istiqamət fərqli olacaq. Sırf çempionatda qalmaq üçün mübarizə aparsaq, fərqli istiqamət tutulacaq. Yəqin ki, indiki heyətdən də qalanlar olacaq. Yerli oyunçular bizim üçün prioritetdir. Bir neçə legioner də cəlb ediləcək.


- "İmişli" ev oyunlarını harada keçirməyi planlaşdırır? Klub bununla bağlı bəyanat yaymışdı. Komandanın Bakıya gələcəyi deyilir...
- İmişlidə oynamaq komandaya daha çox xeyir verəcək. Bizim azarkeşlərimiz stadionu dolduran 3-4 fanatlardan biridir. İmişlidə əvvəllər də futbol olub. Məcburiyyət olsa, hansısa matçlar qıraqda keçirilə bilər. Amma həqiqətən rəhbərlik də komandanın İmişlidə oynamasını istəyir. Oyunlara beş min adam gəlirsə, niyə qıraqda oynamalıyıq? Amma bəzi meyarlar var ki, onlarla ayaqlaşmaq lazımdır.